Azərbaycan "AİM For Climate" tədbirində təmsil olundu - FOTO 

Hazırda oxunan: Azərbaycan "AİM For Climate" tədbirində təmsil olundu - FOTO 

61242

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilmiş İqlim üçün Kənd Təsərrüfatı İnnovasiyaları Missiyası təşəbbüsünün ("AİM For Climate") I Nazirlər Toplantısında təmsil olunub. 

Bizim.Media-ya bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. 

Məlumata görə, toplantıda iqlimə uyğun kənd təsərrüfatı və qida məhsullarının innovasiyaları sisteminə sərmayələri artırmaqla qlobal iqlim dəyişikliyinin aqrar sektora mənfi təsirlərinin azaldılması məsələləri müzakirə edilib.

Azərbaycanlı nazir İnam Kərimov bildirib ki, iqlim-ağıllı kənd təsərrüfatı transformasiyasında innovasiyalar və rəqəmsal həllər mühüm rol oynayır:  

“Azərbaycan hökuməti kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək üçün bütün tədbirləri görür. İqlim dəyişikliyi ölkəmizə də təsirsiz ötüşmür. Bu səbəbdən aqrar sahədə innovasiyaların daha geniş şəkildə tətbiqi vacib sayılır. İqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərini azaltmaq, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etmək üçün müasir texnologiyalardan istifadə genişlənir. Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. İqlimə uyğun ağıllı əkinçilik və bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır.  

“AİM For Climate” təşəbbüsünün məqsədlərinə nail olunmasında elmi tədqiqat institutlarının üzərinə böyük iş düşür. İnstitutlar iqlim dəyişikliklərinin mənfi nəticələrini azaltmağa yönəlmiş təcrübələri araşdırmalı, innovasiyaların istifadəsini genişləndirməlidir. Dünyada tətbiq olunan müasir texnologiyalardan ölkəmizin kənd təsərrüfatında istifadə müsbət nəticələr verməkdədir.

Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş və Yaşıl Enerji Zonaları elan edilmiş əraziləri “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulur”. 

Onun sözlərinə görə, Azərbaycan hökuməti Paris Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşır, bu koalisiya çərçivəsində istənilən səmərəli tərəfdaşlığa və birgə fəaliyyətə hazırdır.
Toplantıda “AİM For Climate” məqsədləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar bu sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin