Ötən il hansı elektrik stansiyalarında təmir işləri aparılıb? - SİYAHI

Hazırda oxunan: Ötən il hansı elektrik stansiyalarında təmir işləri aparılıb? - SİYAHI

0:00
0:00
61007

“Azərenerji” ASC üzrə ötən il ərzində “Azərbaycan” İES, “Cənub” ES, “Sumqayıt” ES, “Şimal” ES, “Bakı” İEM-də cari təmir işləri aparılmış, texniki baxışlar keçirilmiş, əsas və köməkçi avadanlıqlarda əmələ gəlmiş qüsurlar aradan qaldırılıb. “Azərbaycan” İES-in 1, 2, 4 və 8 saylı (uzadılmış) enerji bloklarında orta təmir, stansiyanın digər enerji bloklarında cari təmir işləri aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən ötən il görülmüş işlərə dair hesabatda bildirilib.

Hesabatda qeyd edilib ki, “Şimal-1” ES-in enerji blokunda nomenklatur iş həcmi üzrə əsaslı təmir işləri aparılıb. Görülmüş işlər nəticəsində “Şimal-1” ES-də 20 MVt yük bərpa edilib.

“Sumqayıt” ES-də “Siemens” şirkətinin mütəxəssisləri tərəfindən nomenklatur iş həcmi üzrə əsaslı təmir işləri aparılıb. Təmirdən sonra 20 MVt yük bərpa olunub. Sahil nasosxanasında estakadanın tikintisi ilə əlaqədar tikinti-quraşdırma işləri yekunlaşıb.

2021-ci il 3 sentyabr tarixində “Sumqayıt” ES-in yeni estakada nasos stansiyasının açılışı olub.

“Bakı” İEM-də 1 saylı qaz-turbin qurğusunda “B” təftişi (əsaslı təmir) aparılıb. Nomenklatur iş həcmi üzrə aparılan təmir zamanı aşkarlanmış qüsurlar aradan qaldırılıb.

Bakı, Xaçmaz, Astara, Lerik, Şəki, Səngəçal, Şahdağ modul elektrik stansiyalarının aqreqatlarında işləmə saatlarına uyğun olaraq reqlament üzrə texniki qulluq işləri, elektrik avadanlıqlarında qrafikə uyğun cari təmir işləri aparılıb, aşkarlanmış qüsurlar aradan qaldırılıb.

“Mingəçevir”, “Şəmkir”, “Yenikənd”, Varvara, Şəmkirçay, Füzuli, Taxtakörpü SES-in və KSES-lərin əsas və köməkçi avadanlıqlarında reqlament üzrə cari təmir işləri aparılıb, aşkar olunmuş qüsurlar aradan qaldırılıb.

Gücü 0,3 MVt olan “Astara-1”, ümumi gücü 3,6 MVt olan “Oğuz-1,2,3” KSES-lərin tikintisi üzrə işlər yekunlaşıb və stansiyalar balansa qəbul edilib.

Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq məqsədilə gücü 385 MVt olan “Qobu” ES-in tikintisi başa çatıb. Stansiya
2021-ci il 24 avqust tarixindən test rejimində dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Eləcə də “Qobu” ES-in enerji sistemə inteqrasiyası çərçivəsində 1000 MVt yükötürmə gücü olan 330/220/110 kV-luq “Qobu” yarımstansiyasının tikintisi başa çatıb və yarımstansiya yeni çəkilmiş 2 ədəd 330 kV-luq elektrik verilişi xətləri ilə enerji sistemə qoşulub.

“Azərenerji” ASC tərəfindən Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 dekabr tarixli Sərəncamına uyğun olaraq Bakı şəhəri, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində və Xızı rayonunda ümumi qoyuluş gücü 240 MVt olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi layihəsi üzrə hazırlıq işləri davam etdirilib.

KES-in ötürücü şəbəkəyə qoşulması üçün 330 kV qabaritində hər birinin uzunluğu 30 km olan 220 kV-luq “Qobu YS - Pirəküşkül KES”, “Pirəküşkül KES - Xızı KES” və uzunluğu 20 km olan “Xızı KES - Yaşma YS” hava elektrik verilişi xətlərinin (HEVX) trassası müəyyən edilmiş, yerquruluşu planları hazırlanıb və təsdiq edilib.

Yer quruluşu planları əsasında layihə-smeta sənədləri hazırlanıb, aidiyyəti qurumlardan ekspertizadan keçirilib. Hava xətləri dayaqlarının yeri və tipi müəyyən edilərək, dayaqların yerləşdiyi torpaq sahələri hesablanıb.

Dayaqların yerləşəcəyi torpaq sahələri kənd təsərrüfatı təyinatlı olduğu üçün onların kateqoriyalarının dəyişdirilərək “Azərenerji” ASC-nin daimi istifadəsinə verilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət edilib.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 aprel tarixli Sərəncamına uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsində qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının (GES) tikintisi layihəsi üzrə hazırlıq işləri aparılıb.

GES-in ötürücü şəbəkəyə qoşulması üçün uzunluğu 55 km olan 330 kV-luq “Cənub ES-Ələt GES” hava elektrik xəttinin trassası müəyyən edilib, yerquruluşu planı hazırlanıb və təsdiq edilib.

Yerquruluşu planları əsasında layihə-smeta sənədləri hazırlanıb, aidiyyəti qurumlardan ekspertizadan keçirilib. Hava xəttinin dayaqlarının yeri və tipi müəyyən edilərək, dayaqların yerləşdiyi torpaq sahələri hesablanıb.

Dayaqların yerləşəcəyi torpaq sahələri kənd təsərrüfatı təyinatlı olduğu üçün onların kateqoriyalarının dəyişdirilərək “Azərenerji” ASC-nin daimi istifadəsinə verilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət edilib.

“Reabilitasiya” proqramı çərçivəsində 500 kV-luq “Abşeron”, 330 kV-luq “Yaşma”, 220 kV-luq “Xırdalan”, “Hövsan”, “Nizami”, 110 kV-luq “Binəqədi”, “Suraxanı”, “Ağcabədi”, “Şükürbəyli”, “Ceyranbatan”, “Şamaxı”, “Sumqayıt-2”, “Goradil”, “Ələt”, “Gəncə-1”, “Quba”, “Sabirabad” və “Şəhər” yarımstansiyalarında yenidənqurma işləri aparılıb.

İl ərzində 3x250 MVA gücündə 220/110/10 kV-luq “Xırdalan” yarımstansiyası, 2x250+1x200 MVA gücündə 220/110/10 kV-luq “Hövsan” yarımstansiyası və 2x63 MVA gücündə 110/35/6 kV-luq “Maştağa” yarımstansiyası, 4x63 MVA gücündə 110/35/6 kV-luq “Binəqədi” yarımstansiyası, 1x800+2x400 MVA gücündə 500/330/220/10 kV “Abşeron” yarımstansiyası, 2x63 MVA gücündə 110/35/6 kV-luq “Suraxanı” yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin