Fevralın 18-də Azərbaycan Respublikası Milli Məclisinin dəstəyi, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfrans keçirilib.
Bizim.Media-nın məlumatına görə, Milli Məclisin deputatlarının, dövlət və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə sahibkarlığın, o cümlədən Kiçik və Orta Biznesin (KOB) inkişafı istiqamətində görülən işlərə, COVID-19 pandemiyasının KOB-lara təsirinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə, post-pandemiya dövrünün prioritet istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
MÖVZU İLƏ BAĞLI:
294 sahibkara 4,7 milyon manat kompensasiya ödənilib - KOBİA
Konfransın açılışında çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və TÜRKPA nümayəndə heyətinin üzvü Ağalar Vəliyev KOB-ların iqtisadiyyatın inkişafında xüsusi rol oynadığını, pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də KOB-ların fəaliyyətinə mənfi təsir etdiyini qeyd edib, hökumətin sahibkarlara dəymiş zərərin minimuma endirilməsi üçün müvafiq dəstək tədbirləri həyata keçirdiyini vurğulayıb.
O, Milli Məclisin KOB-ların inkişafı üzrə qanunvericilik sahəsində apardığı davamlı iş barədə məlumat verib.
Konfransın “KOB-lara göstərilən dövlət dəstəyi: qanunvericilik və proqramlar” mövzusuna həsr edilmiş sessiyasında çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini və TÜRKPA nümayəndə heyətinin üzvü Fazil Mustafa parlament tərəfindən ölkə iqtisadiyyatının, eləcə də qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan kiçik və orta biznes ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin həyata keçirildiyini vurğulayıb.
O, dövlət və özəl sektorlar arasında əməkdaşlığın inkişafı istiqamətində işlərin davam edilməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edənlər ölkəmizdə Kiçik və Orta Biznesin inkişaf etdirilməsi, bu sahədə görüləcək işlər barədə fikirlərini bildiriblər, belə konfransların əhəmiyyətindən danışıblar.
Bizim.Media