Manatın dövretmə sürəti 2015-ci il səviyyəsinə düşdü – Devalvasiya RİSKİ...

Hazırda oxunan: Manatın dövretmə sürəti 2015-ci il səviyyəsinə düşdü – Devalvasiya RİSKİ...

605899

“Bu il martın 1-nə manatın dövretmə sürəti 2,83 olub. Bu o deməkdir ki, eyni 1 manat il ərzində cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda istifadə olunur. Müqayisə üçün deyim ki, 2005-ci ildə bu rəqəm 15,7 idi. 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68-ə düşmüşdü. Yəni trend aydındır, hazırda pul daha yavaş hərəkət edir”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O bu durumun insanların və bizneslərin daha çox gözlədiyi və daha az xərclədiyi anlamına gəldiyini bildirib:

“Pul iqtisadiyyatda dövr etməkdənsə, dayanır və gözləyir. Dayanıb gözləmə səbəbləri isə çoxdur. Pulun dövretmə sürətinin azalması iqtisadi aktivliyin ritmini göstərən göstəricidir. Pul nə qədər tez hərəkət edirsə, iqtisadiyyat da o qədər canlanır. Pul yavaşlayanda isə iqtisadiyyatın nəfəsi də zəifləyir”.

Bəs bu tendensiya devalvasiya riskini artıra bilər?

Müsahibimiz bildirib ki, 2015-ci ildə manatın sürəti və devalvasiya arasında müəyyən əlaqə olsa da, amma o birbaşa səbəb deyildi:

“Sözügedən faktorlardan biri digərini böyük ölçüdə təsirləndirmirdi. Hazırkı vəziyyətdə manatın dövretmə sürəti aşağı düşsə də, digər makroiqtisadi göstəricilərimiz elə bir səviyyədədir ki, devalvasiya riski 0-a yaxındır. Ona görə də manatın bu günkü vəziyyəti ilə 2015-ci ildəki durumu arasında çox böyük fərq var.
 

Ona görə də bu dövrləri eyniləşdirmək olmaz. O zaman manata təzyiq özünün maksimumuna çatmışdı. Bu günsə təzyiq demək olar ki, yox səviyyəsindədir. Yəni bu gün dolları alanlardan daha çox satanlar var. Bunu rəsmi statistika da təsdiq edir, AMB-nin məlumatlarında da bu bildirişlər verilir.


Eyni zamanda, əmanət qoyuluşunda dollara olan marağın azlığı, bank sektoruna olan inam və digər parametrlərə əsaslanaraq indiki vəziyyəti 2015-ci ildəki durumla eyniləşdirmək yanlış olardı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin