Qızılın qiyməti bir yerdə dayanmır: nə vaxt alsaq, uduzmarıq? – AÇIQLAMA

Hazırda oxunan: Qızılın qiyməti bir yerdə dayanmır: nə vaxt alsaq, uduzmarıq? – AÇIQLAMA

605429

Son günlər qızılın qiymətində kəskin dəyişiklik müşahidə olunur. Bir gün enən qiymətlər səhəri gün yenidən rekord həddə çatır. Qızıl almaq və satmaq istəyənləri isə bu dəyişiklik bir qədər qorxudur. İnsanlar uduzmamaq üçün nə zaman qızıl ala biləcəklərini bilmirlər.

Bəs görəsən, yaxın zamanlarda qızılın qiymətinin enməsi yoxsa artması gözlənilir? Ümumiyyətlə qiymətlərdə bu qədər sürətli dəyişiklik nə ilə əlaqədardır?

İqtisadçı Asif İbrahimov Lent.az-a açıqlamasında bildirib ki, qızılın qiymətində müşahidə olunan kəskin dalğalanmalar da qlobal iqtisadi və geosiyasi faktorların üst-üstə düşməsi ilə bağlıdır:

“İnsanlar, hətta dövlətlər belə daim öz sərvətlərini saxlamaq üçün etibarlı üsullardan istifadə etməyə çalışıblar. Etibarlı üsul isə daşınmaz əmlak, qiymətli metallar, xüsusilə də qızıl hesab olunub.
 

Qızılın qiymətində müşahidə olunan kəskin dalğalanmalar da qlobal iqtisadi və geosiyasi faktorların üst-üstə düşməsi ilə bağlıdır. Qızıl ənənəvi olaraq “təhlükəsiz liman” aktividir və qeyri-müəyyənlik artdıqca ona tələbat yüksəlir, lakin eyni zamanda bazarda baş verən hər hansı müsbət siqnallar qiymətlərdə sürətli geri çəkilmələrə səbəb olur.


Hazırkı dəyişkənliyin əsas səbəbləri arasında ilk növbədə ABŞ-da faiz siyasəti ilə bağlı gözləntilər dayanır. ABŞ Federal Ehtiyat Sistemi,yəni FED tərəfindən faizlərin artırılması və ya yüksək səviyyədə saxlanılması ehtimalı qızılı daha az cəlbedici edir, çünki bu halda investorlar gəlir gətirən aktivlərə üstünlük verirlər. Eyni zamanda dolların möhkəmlənməsi də qızılın qiymətinə təzyiq göstərir.

Eyni zamanda da Yaxın Şərqdə və ümumilikdə qlobal miqyasda geosiyasi risklərin artması qızıla olan tələbi artırır.

Bu iki ziddiyyətli amilin paralel təsiri bazarda qeyri-sabitlik yaradır və nəticədə qiymətlər demək olar ki, hər gün dəyişir.

Qızılın qiymətinin gündəlik dəyişməsi isə beynəlxalq birjanın aktiv olması ilə bağlıdır. Qiymətlər əsasən London Bullion Market Association və digər böyük ticarət platformalarında formalaşır. Burada tələb-təklif nisbəti, valyuta məzənnələri və investor davranışı real vaxt rejimində qiymətlərə təsir edir”.

İqtisadçı qeyd edib ki, qısa müddətdə yüksək volatilliyin (bahalaşmanın) davam etməsi ehtimalı daha real görünür:

“Mövcud dinamikanın nə zaman stabilləşəcəyinə gəlincə, bu daha çox qlobal iqtisadi siyasətin aydınlaşmasından asılıdır. Xüsusilə FED-in faiz qərarları və inflyasiya göstəricilərində sabitlik yaranarsa, qızıl bazarında da daha proqnozlaşdırıla bilən tendensiya müşahidə oluna bilər. Lakin qısa müddətdə yüksək volatilliyin davam etməsi ehtimalı daha real görünür.
 

İnvestisiya baxımından isə hazırkı dövrdə qızıl alqı-satqısı tamamilə risksiz hesab oluna bilməz. Qısa müddətli spekulyativ əməliyyatlar üçün risklər kifayət qədər yüksəkdir. Bununla belə, uzunmüddətli perspektivdə qızıl yenə də portfelin şaxələndirilməsi üçün etibarlı alət kimi qalır.


Qısaca deyim, hazırda bazara daxil olan investorlar daha ehtiyatlı davranmalı, qısa müddətli dalğalanmalardan deyil, uzunmüddətli strategiyadan çıxış etməlidirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin