Yaponiya hökuməti hesab edir ki, 2026-cı ilin sonunadək ölkənin daxili neft tələbatını ödəyə biləcək.
Bizim.Media xəbər verir ki, barədə Yaponiyanın ictimai televiziya kanalı NHK məlumat yayıb.
Telekanalın hökumət mənbələrinə istinadən verdiyi xəbərə görə, buna neftin alternativ marşrutlarla alınması və strateji ehtiyatların bir hissəsinin dövriyyəyə buraxılması hesabına nail olunacaq.
Bildirilir ki, aprel ayında Yaponiyanın Hörmüz boğazından yan keçən alternativ marşrutlar üzrə neft alışının həcmi ötən ilin eyni dövrünün göstəricisinin cəmi 20 faizini təşkil edəcək.
Bununla belə, hökumət may ayına qədər bu rəqəmi 60 faizə çatdırmağı planlaşdırır.
Alternativ marşrutlara, xüsusilə, BƏƏ-dən Əl-Fuceyra limanı vasitəsilə, eləcə də Səudiyyə Ərəbistanından Yənbu əl-Bəhr limanı üzərindən həyata keçirilən tədarüklər daxildir.
Vurğulanır ki, bu ölkələrin hər biri Yaponiyanın daxili istehlakı üçün lazım olan neftin təxminən yarısını təmin edə bilər.
NHK-nın məlumatına görə, ABŞ da neft tədarükünü ötənilki göstəricidən dörd dəfə artırmaq imkanına malikdir. Bu neft əsasən Texasdakı terminallardan göndəriləcək.
Bundan əlavə, Yaponiyaya Azərbaycandan da əlavə neft tədarükü gözlənilir.
Qeyd olunur ki, yaranacaq çatışmazlıq strateji ehtiyatlar hesabına qarşılanacaq.
Yaponiya hakimiyyəti həmin ehtiyatların dövriyyəyə buraxılmasına ötən ayın ortalarında başlayıb.
Martın 16-dan etibarən Yaponiyada ölkənin 45 günlük tələbatına bərabər həcmdə ehtiyat neftin bazarda satışı başlanıb.
Bu neft topdansatış şirkətlərinə ABŞ və İsrailin İrana zərbələrindən əvvəlki qiymətlər səviyyəsində, nisbətən aşağı tariflərlə təklif olunur.
Hazırda Yaponiyanın 254 günlük tələbatını ödəyəcək həcmdə neft ehtiyatı var.
Bu ehtiyatlar dövlət və özəl şirkətlərə məxsus olmaqla ümumilikdə təxminən 470 milyon barel təşkil edir.
Bizim.Media






























































































