Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

601823

Azərbaycanda milli valyutada kredit qoyuluşunun payı 2026-cı ilin yanvarında regionlar üzrə artım nümayiş etdirib.

Ən aşağı göstərici Bakı iqtisadi rayonunda 14,47% təşkil etdiyi halda, ən yüksək pay Dağlıq Şirvan iqtisadi rayonunda 20,30% olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, bütün iqtisadi rayonlarda artım qeydə alınıb. Xüsusilə Şərqi Zəngəzur iqtisadi rayonunda göstərici 16,43%-dən 19,46%-yə yüksələrək ən nəzərəçarpan artımlardan birini göstərib.

Ümumilikdə, regionlar üzrə kredit qoyuluşunda ən yüksək pay Dağlıq Şirvan (20,30%), Şirvan-Salyan (20,12%) və Mərkəzi Aran (19,97%) iqtisadi rayonlarında, ən aşağı göstəricilər isə Bakı (14,47%), Naxçıvan (15,48%) və Abşeron-Xızı (16,90%) iqtisadi rayonlarında müşahidə olunub.


Göründüyü kimi, son bir ayda bütün iqtisadi rayonlar üzrə kredit faizləri artıb.

Bəs bu artım nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, banklar Azərbaycanda kredit faizlərini bir neçə əsas səbəbdən artırıblar:

“Əsas səbəblərdən biri bankların öz maliyyə xərclərinin yüksəlməsidir — banklar əhalidən pul cəlb etmək üçün daha yüksək depozit faizləri təklif edirlər və nəticədə bankların vəsait əldə etməsi baha başa gəlir. Banklar baha alınan vəsaiti daha yüksək faizlə kredit formasında satırlar ki, xərclərini ödəsinlər, nəticədə kredit faizləri artır.

Başqa bir səbəb Mərkəzi Bankın sərt pul‑kredit siyasətidir. Mərkəzi Bank yüksək inflyasiya risklərini nəzərə alaraq uçot dərəcəsini aşağı salmır və ya müəyyən dərəcədə sərtləşdirir, bu da kredit dəyərinin qorunması üçün faizlərin daha yüksək qalmasına gətirib çıxarır.
 

Bundan başqa, banklar tərəfindən depozit faizlərinin yüksəldilməsi və likvidlik əmsallarının artırılması kredit faizlərinə təzyiq göstərir. Banklar bahalı depozit verdikdə, kredit faizini də artırmaq məcburiyyətində qalırlar.


Ümumiyyətlə, kredit faizlərinin artımında həm bank sektorunun daxili kapital xərcləri, həm də mərkəzi bankın siyasətinin təsiri var və bu amillərin birgə fəaliyyəti faizlərin yuxarı səviyyədə qalmasına səbəb olur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin