Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Hazırda oxunan: Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

601362

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-də (İMEM) "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND TK/36) növbəti iclası keçirilib.

İclasda AZSTAND TK/36-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub, görülmüş işlər ətrafında müzakirələr aparılıb, Texniki Komitənin tərkibində struktur dəyişiklikləri ilə bağlı təkliflərə baxılıb, yeni üzv və məsul katib seçilib.

Sonda EN 12472 "Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu" dövlət standartının qəbul olunması ilə bağlı qərar verilib.

AZSTAND TK/36 qiymətli metallar və qiymətli daşlar üzrə dövlət, ilkin, beynəlxalq, regional və dövlətlərarası standartların hazırlanması və maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə təsis edilib.

Bəs, yeni standartlar qızıl bazarında nələri dəyişə biləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, bu sahədəki qanunvericilikdə müəyyən boşluqlar var:

“Ona görə də istənilən təşəbbüs alqışlanmalıdır. Bu prosesin daha da sürətləndirilməsi lazımdır. Çünki qızıl bazarında kifayət qədər boşluqlar var. Vaxtilə qızıl bazarına nəzarət edən Əyar Palatası var idi. İndi isə bu bazara sistemli nəzarət yoxdur.

Məlumdur ki, ölkəmizdə realizə olunan qızıl məmulatlarının bir hissəsi yerli zərgərlər tərəfindən hazırlanır. Həmin zərgərlərin fəaliyyətini şəffaflaşdırmaq, “ağ vərəq”ə keçirtmək üçün zəruri addımlar atılmalıdır. Qanunvericilikdəki boşluq imkan verir ki, yerli-yersiz zərgərlərin işinə müdaxilə edilsin. Bu cür müdaxilələrsə həm qızıl məmulatlarının keyfiyyətinə, həm də qiymətinə mənfi təsir edir”.

Müsahibimiz təəssüflə onu da qeyd edib ki, regional qızıl bazarı statusunu Özbəkistan daşıyır:

“Keçmiş SSRİ ölkələrinin qızıl alverçiləri əsasən Özbəkistanla işləyir. Səbəbsə çox sadədir. Özbəkistan qızıl bazarına liberal yanaşaraq, normal hüquqi baza yaradıb. Bu mənada dövlət standartlarının qəbulu müəyyən ümidlər yaradır. Ən azından ölü nöqtəsindən hərəkətlənmə prosesi başlayır”.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovsa vurğulayıb ki, yeni standartların yaradılması zəruri olsa da, kafi deyil:

“Nə qədər ki, Nazirlər Kabinetinin 114 saylı qərarı qüvvədədir, bir o qədər də bu sahədə nizam yaratmaq mümkün olmayacaq. Bu qərara əsasən qızıl məmulatları dəyişdirilməyən və qaytarılmayan mallar siyahısına daxildir. Bu da qızıl alverçilərinə imkan verir ki, istehlakçı ilə istədikləri cür davransınlar. Yəni qızıl alan şəxs aldandığını görən zaman nə məhsulu qaytara, nə də ki, dəyişdirə bilir. Ona görə də bu sahədə qanunvericilik formalaşmadıqca heç bir uğurlu nəticə əldə etmək mümkün deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin