Şəkər tozu ucuzlaşacaq – BU TARİXDƏN

Hazırda oxunan: Şəkər tozu ucuzlaşacaq – BU TARİXDƏN

600742

ABŞ-da şəkər fyuçersləri son iki həftənin ən aşağı səviyyəsinə geriləyib. Fyuçerslərin qiyməti  1 kiloqram üçün təxminən 30 sent olaraq qeydə alınıb. Qiymətlərin enməsində yüksək təchizat gözləntiləri rol oynayıb.

Hindistan Şəkər və Bioenerji İstehsalçıları Assosiasiyası (ISMA) məlumat verib ki, Hindistanın 2025/26-cı il məhsul ilində istehsalı 24,75 milyon ton, əvvəlki ilə nisbətən 12% artıb.

Beynəlxalq analitiklər isə gələcəkdə qlobal kakao və şəkər profisitinin davam edəcəyini bildirirlər.

Bəs, məhsul bolluğu dünyada və ölkəmizdə şəkərin qiymətinin aşağı düşməsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, dünyada şəkərin ucuzlaşması adətən şəkər idxal edən ölkələr üçün müəyyən müsbət təsirlər yaradır:

“Ola bilsin ki, qarşıdakı ayda ölkəmizdə şəkərin qiyməti bir qədər aşağı ensin. Çünki Azərbaycan də şəkərin bir hissəsini xaricdən aldığı üçün qlobal bazarda qiymətlərin enməsi idxal xərclərinin azalmasına səbəb ola bilər. Bu isə nəzəri olaraq daxili bazarda şəkərin və şəkərdən hazırlanan bəzi məhsulların qiymətinə müəyyən təzyiq yarada və qiymət artımını zəiflədə bilər. Amma təsirin gücü bir neçə amildən asılı olur.
 

Ölkədə şəkər istehsalı və emalı ilə məşğul olan müəssisələr, daxili bazarın qorunması üçün tətbiq olunan gömrük rüsumları, logistika xərcləri və manatın məzənnəsi kimi faktorlar qiymətlərin nə qədər dəyişəcəyini müəyyən edir. Yəni dünya bazarında qiymət düşsə belə, bu dəyişiklik daxili bazara dərhal və eyni səviyyədə keçməyə bilər.


Digər tərəfdən, ucuz xammal bəzi qida istehsalçıları üçün xərcləri azalda bilər. Şirniyyat, içki və digər şəkər istifadə edən məhsullar istehsal edən şirkətlər üçün bu, maya dəyərinin aşağı düşməsi deməkdir. Bu isə ya məhsul qiymətlərinin sabit qalmasına kömək edə, ya da şirkətlərin mənfəətini artıra bilər”.

Müsahibimiz hesab edir ki, qlobal bazarda qiymətlərin düşməsi yerli istehsalçılar üçün müəyyən çətinlik də yarada bilər:

“Əgər idxal olunan şəkər çox ucuzlaşarsa, yerli istehsalçılar rəqabət baxımından daha çox təzyiq hiss edə bilər. Ona görə də dövlət bəzən bazarı balanslaşdırmaq üçün tənzimləmə tədbirlərindən istifadə edir.

Ümumilikdə, dünyada şəkərin ucuzlaşması Azərbaycan üçün qida sənayesi və istehlakçılar baxımından müəyyən müsbət imkanlar yaratsa da, daxili qiymətlərə təsiri adətən məhdud və mərhələli olur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin