ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq ölkənin şəhərlərinə hava zərbələri endirib.
Buna cavab olaraq İran ABŞ-nin bölgədəki hərbi bazalarının yerləşdiyi ölkələrə raket hücumları həyata keçirir.
Hazırda qonşu ölkədə davam edən bu prosesin bütün sahələrə olduğu kimi, iqtisadi əlaqələrə də mənfi təsirlər göstərəcəyi istisna deyil.
Maraq yaradan digər məqam isə bu ölkədən Azərbaycana idxal edilən məhsulların, xüsusilə ərzaq məhsullarının qiymətinin necə dəyişəcəyidir.
Həmçinin, yaranmış vəziyyət bayramqabağı süni qiymət artımını da qaçılmaz edəcək.
İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, əgər İrandakı gərginlik davam edərsə, süni qiymət artımı əsasən aşağıdakı məhsullarda daha çox hiss oluna bilər:
“İdxal asılılığı yüksək olan təzə meyvə və tərəvəzlərdə qiymətlər arta bilər. Çünki qıtlıqdan və logistika problemlərindən satıcılar qiymətləri qaldıra bilərlər. Xüsusilə, limon, alma kimi bayram stolunda tez-tez istifadəsi olan məhsullarda bu artım daha nəzərə çarpan ola bilər.
Çay və şəkər kimi bayram dövründə istehlakı artan əsas ərzaq məhsullarında da qiymət dalğalanması ola bilər. Tələb artdığı üçün satıcılar qiymətləri süni şəkildə artıra bilərlər.
Ət və süd məhsullarında da süni qiymət artımı yaratmaq cəhdləri olacaq.
Qısa müddətli panik alış-veriş və ehtiyat yığımı da qiymətləri müvəqqəti yüksəldə bilər. Çünki bazardakı məhsul qıtlığı qorxusu ilə insanlar daha çox məhsul alırlar.
Ümumilikdə bayram dövründə tələbin artdığı, idxal və tədarükdə çətinliklərin olduğu məhsullarda qiymət artımı riski daha yüksək olacaq”.
Naibə Məmmədova, Bizim.Media































































































