Azərbaycanın sığorta sektorunda daha bir maraqlı yenilik baş verir. Sığorta şirkətləri agentlərin komissiyasının azaldılması, bəzi hallarda isə tamamilə ləğv edilməsi ilə bağlı razılığa gəliblər.
Eyni zamanda yeni razılaşmaya əsasən agentlərin öz müştərilərini şirkətdən şirkətə daşıması faktiki olaraq qadağan edilir.
Belə ki, ölkədə fəaliyyət göstərən həyat sığortası şirkətlərinin əldə etdiyi razılışmaya əsasən bundan sonra sığorta agentlərinə ödənilən komissiyalar kəskin azaldılacaq. Belə ki, mövcud müştəri ilə müqavilənin yenilənməsinə görə agent komissiyaları qanunvericiliklə maksimum hədd 15% müəyyən edilib. Bu göstəcisi hazırda 8%-ə endirilib.
Əsas yenilik isə müştərilərin sığorta şirkətini dəyişməsi ilə bağlıdır. Həyat sığortaçılarının əldə etdikləri razılaşmaya əsasən, bundan sonra bir şirkətin müştərisini digər şirkətə «daşıyanda» həmin müştəriyə görə komissiya ödənilməyəcək.
Bu qərar və razılaşma faktiki olaraq sığorta şirkətlərinin agentlərə öz şərtlərini diqtə etməsidir.
Məsələ təkcə həyat sığortası şirkətləri ilə bitməyib. 2026-cı ildən etibarən adi sığorta şirkətləri də agent komissiyalarına yenidən baxıblar. Sığortanən əsas satılan məhsulu olan avtomobil sığortalarında bəzi avtomobillər üçün komissiyalar ya tamam ləğv edilib, ya da aşağı salınıb.
Məsələn, kiçik yük avtomobiləri («Qazel»lər və sair) üçün aget komissiyaları indiyədək 15% olduğu halda, indi 5%-ə endirilib, bəzi şirkətlər isə bu maşınlara görə komissiyanı ümumiyyətlə ləğv ediblər.
Sığorta agentləri rəqəmsallaşmanın artması və şirkətlərin daha mütəşəkkil hərəkət etməsi nəticəsində bəzi sığorta növlərində sığota agentlərinə verilən komissiyaların bundan sonra da azalacağını gözləyirlər.
Hələlik yalnız aqrar sığorta sektoru bu risklərdən qorunub, yeni sahə olduğuna görə, burada böyük satış imkanları mövcuddur və bəzi agentlər bu sahəyə yönələcəklərini bildirirlər.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, agentlərin qazanc imkanlarının azalmasının əsas səbəbi aşağı müəhərrikli avtomobillərin sığorta bazarında çoxalmasıdır:
“Əvvəllər mühərrik həcmi yuxarı olan avtomobillərin sayı da çox idi.Bu da sığorta yığımlarına təsir edirdi. Son illərdə aşağı mühərrikli hibrid və elektrik avtomobillərin sayı artıb. Bu səbəbdən də sığorta agentlərinin qazancı azalıb. Bununla belə sığorta şirkətləri yenə də agentlərlə işləyirlər. Amma bəzi şirkətlər ola bilsin ki, agentlərə yanaşmada fərqli mövqe sərgiləyir. Ümumilikdə isə elə bir ciddi dəyişiklik yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media



































































































