Son dövrlərdə bazarda maraqlı bir paradoks müşahidə olunur: ərzaq məhsullarının qiymətləri davamlı olaraq artdığı halda, qeyri-ərzaq məhsullarında ucuzlaşma meyilləri nəzərə çarpır. Bu fərqli dinamika həm istehlakçılar, həm də iqtisadçılar üçün aktual müzakirə mövzusuna çevrilib.
Sual yaranır: qeyri-ərzaq məhsullarının ucuzlaşmasının əsas səbəbi onlayn satışların artmasıdır, yoxsa bazarda rəqabətin güclənməsi nəticəsində yaranan məcburi qiymət endirimləridir?
Mövzu ilə əlaqədar iqtisadçı ekspert Akif Nəsirli Bizim.Media-ya bildirib ki, qeyri-ərzaq məhsullarının qiymətlərinin ucuzlaşmasının bir neçə əsas səbəbi mövcuddur:
“İlk növbədə, bu məhsulların istehsalı və daşınması ərzaq məhsulları ilə müqayisədə daha az xərc tələb edir. Nəticə etibarilə, xərclərin artımı qiymətlərə daha zəif təsir göstərir və bahalaşma kəskin formada hiss olunmur.
İkinci mühüm amil bazarda rəqabətin yüksək səviyyədə olmasıdır. Qeyri-ərzaq məhsulları sektorunda çoxsaylı satıcı və brendlərin mövcudluğu qiymətlərin süni şəkildə artırılmasını çətinləşdirir. Mağazalar və istehsalçılar alıcı cəlb etmək məqsədilə tez-tez endirim kampaniyalarına, aksiyalara və qiymət güzəştlərinə əl atmağa məcbur qalırlar”.
Ekspert həmçinin diqqətə çatdırıb ki, onlayn satışların genişlənməsi də qeyri-ərzaq məhsullarının ucuzlaşmasına təsir edən amillərdən biridir.
İnternet üzərindən satış fiziki mağazalarla müqayisədə daha az icarə, personal və logistika xərci tələb etdiyindən, şirkətlər qiymətləri aşağı salmaqla rəqabət üstünlüyü əldə etməyə çalışırlar.
“Ərzaq məhsulları bazarında isə vəziyyət fərqlidir. Bu məhsullara tələbat gündəlik və məcburi xarakter daşıdığından, istehlakçının seçim imkanları məhduddur. Məhz bu səbəbdən bəzi hallarda inhisarçı mövqedə olan subyektlər ərzaq sektorunda süni qiymət artımlarına daha rahat şəkildə gedə bilirlər. Nəticədə, ərzaq məhsullarında bahalaşma daha sürətli və davamlı xarakter alır, qeyri-ərzaq məhsullarında isə rəqabət və alternativ satış kanalları qiymətlərin aşağı səviyyədə qalmasını təmin edir”.
Şəfiqə Şəfa, Bizim.Media

































































































