Torpaq sahələri və mənzillər BAHALAŞACAQ – BU TARİXDƏ

Hazırda oxunan: Torpaq sahələri və mənzillər BAHALAŞACAQ – BU TARİXDƏ

595285

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə  Bakıda bu il təməldən tikilinin 17%, torpağın 15% bahalaşacağını gözlənilir.

Təməldən tikililər

Bu il Bakıda təməldən tikililərdə orta qiymət artımı 17%, gələn il isə 18,5% olacaq. Paytaxtın ayrı-ayrı rayonlarına gəlincə isə bahalaşmanın 2026-cı ildə Səbaildə 21,2%, Nərimanovda 20,8%, Yasamalda 19,6%, Xətaidə 18,3%, Nizamidə 17,8%, Nəsimidə 15,6%, Binəqədidə 14,3%, Sabunçuda 13,7%, Suraxanıda 13%, Xəzərdə 11,2%, Qaradağda 7,8%, Pirallahıda 4% olacağı gözlənilir.

2027-ci ildə isə artım aşağıdakı kimi olmalıdır: Səbail – 23%, Yasamal – 21,4%, Nərimanov – 21,6%, Xətai – 19,1%, Nəsimi – 17,1%, Nizami – 17,4%, Binəqədi – 16,9%, Suraxanı – 15,6%, Sabunçu – 15,3%, Xəzər – 12,7%, Qaradağ – 9,2%, Pirallahı – 5%.

Torpaq sahələri

2025-ci ildə torpaq bazarında qiymət artımı təxminən 20% olub. Proqnoza əsasən, 2026-cı ildə dinamika 15%, 2027-ci ildə isə 11,5% təşkil edəcək.

Bu il rayonlar üzrə artım belə gözlənilir: Nərimanov – 18,5%, Yasamal – 17,4%, Səbail – 17%, Xətai – 16%, Nəsimi – 15,9%, Nizami – 15,8%, Binəqədi – 15,2%, Sabunçu – 14,8%, Suraxanı – 14,2%, Xəzər – 13,6%, Qaradağ – 11,2%, Pirallahı – 7%.

Fərdi yaşayış evləri

Fərdi yaşayış evləri bazarında qiymət artımı nisbətən az olacaq. 2025-ci ildə dinamika 13,5% təşkil etdiyi halda, 2026-cı ildə 9%  olacağı gözlənilir.

Qeyri-yaşayış obyektləri

Ticarət və ofis sahələrində də qiymət artımı tempi mərhələli şəkildə azalacaq. 2025-ci ildə dinamika 13,9% olduğu halda 2026-cı ildə 11,5% olacağı gözlənilir.

Bəs torpağın və evlərin bu qədər bahalaşmasını zəruri edən səbəblər hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc bildirib ki, qiymət artımını zəruri edən bir sıra səbəblər var:

“Əsas səbəb odur ki, torpaq artmayan və bərpa olunmayan yeganə əmlakdır. Artan tələbat qarşısında təklifin azalması də qiymətlərin artımını zəruri edir. Digər səbəblər də var. Məsələn, investisiya baxımından daşınmaz əmlak daha cazibədardır. Ümumiyyətlə, pospandemiya dövründə insanlar aktiv gəlir sahələrindən daha çox passiv gəlir sahələrinə üz tutublar. Çünki pandemiya dövründə bütün biznes sahələri zərər gördü. Yalnız daşınmaz əmlak bazarı heç bir zərərlə qarşılaşmadı. Baxmayaraq ki. daşınmaz əmlak passiv gəlir sahələrindən biri hesab edilir.

Bundan əlavə, tikinti materiallarının da qiyməti durmadan artır.

Bu da daşınmaz əmlakın qiymətinə ciddi təsir edir. Başqa bir səbəb urbanizasiya məsələsinin qabarıq olmasıdır. Əsas iş yerlərinin və aparıcı ali təhsil müəssisələrinin Abşeron yarımadasında olması əhalinin bura axınına səbəb olur. Gələn əhali də həm mənzil icarəsinə, həm də daşınmaz əmlaka tələbatı artırır.  Bütün bu səbəblər daşınmaz əmlak bazarında dinamikanı təmin edir. Ona görə də əvvəlki illərdə olduğu kimi 2026-cı ildə də Abşeron yarımadasında torpağın və mənzillərin qiyməti artacaq”.

Bəs, bahalaşma təxminən hansı aylarda ola bilər?

Müsahibimiz deyib ki, bahalaşma əsasən ilin sonlarında olur:

“Çünki insanlar il boyu yığdıqları vəsaiti daha faydalı sərmayəyə çevirmək istəyirlər. Bu səbəbdən ilin sonunda mənzillərin satışı artır. Bahalaşma mart-aprel aylarında və avqust-sentyabr aylarında da olur. Yazda qiymətlər tikinti materiallarına tələbatın artması və fərdi ev tikdirənlərin çoxalması səbəbi ilə yüksəlir. Yayın sonunda isə tələbə axını icarə evlərə tələbatı artırır. Bu da daşınmaz əmlak bazarında hərəkətlilik yaradlr”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin