İki gün öncə Prezident Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı çıxışında dünya miqyasında Azərbaycanın adambaşına düşən valyuta ehtiyatına görə ən yüksək mövqelərdən birini tutduğunu bildirdi.
Görəsən Azərbaycan bu göstəriciyə görə konkret olaraq hansı mövqedə qərar tutub? Doğrudanmı adambaşına düşən valyuta ehtiyatına görə ən yüksək mövqedəyik?
Eks-spiker Rəsul Quliyev Moderator.az-ın bu sualına cavabında deyir ki, əslində Azərbaycan kimi iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün bu göstərici önəmli olsa da əsaslı iqtisadi islahatlar apararaq bu asılılıqdan xilas olan ölkələr üçün adambaşına düşən valyuta ehtiyatının o qədər də əhəmiyyəti yoxdur:
"Azərbaycan valyuta ehtiyatlarına görə müxtəlif beynəlxalq hesabatlarda 70-lə 85 arasında müxtəlif yerləri tutur. Adambaşına valyuta ehtiyyatı anlayışı yoxdur, ümumiyyətlə valyuta ehtiyatı milli pulu konvertə olunmayan ölkələr üçün əhəmiyyət kəsb edir. Valyuta ehtiyatının olmasını Dünya və Beynəlxalq banklar iqtisadiyyatı ancaq enerji eksportu üzərində qurulmuş ölkələrə və o cümlədən Azərbaycana tövsiyə edib və onun əsasında da bu tipli ölkələrdə neft və ya qaz fondları adı altında müəyyən rezerv pul dollar şəkilində ehtiyat gün üçün saxlanılır. Məsələn, Almaniyanın ehtiyat valyuta nəyinə lazımdır? Valyutası istənilən valyutaya bazarda konvertə edilən avrodur. Azərbaycan kimi ölkələrdə neftdən gələn pul azalanda maaşların verilməsinə pul çatmır, milli pulu çap edib maaş verəndə bu pula almağa bazarda mal çatmır və inflyasiya başlayır, onun qarşısını almaq üçün həmin o valyuta fondundan dollarları hansı isə biznesmenlərə manat əvəzinə verirsən, o da həmin dollarlarla xaricdən mal alıb gətirib bazara çıxardır və sözsüz manata satır və yenidən həmin manata hökümətdən dollar alır. Bazarda satışdan gələn manat qısa bir müddətdə qiymətsiz bir kağıza çevrilir və həmin o valyuta ehtiyatı böyük sürətlə əriyir. Ölkədə ümumi milli krizis başlayır. Bir çox neft ölkələri, məsələn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Meksika, Norveç, İran, İraq və başqaları enerji resurslarından asılılıqdan canlarını qurtara biliblər. Yəni neft ixracatından 5 faizdən maksimum 30 faizə qədər asılıdırlar. Ancaq keçmiş Sovet ittifaqından çıxmış Rusiya, Qazaxıstan,Türkmənistan, Azərbaycan sözün əsl mənasında neft eksportu və valyuta ehtiyatından 50 faizdən 80 faizə qədər asılıdırlar, iqtisadiyatın "Domokl qılıncı" başlarının üstündədir, enerji istehsalında istənilən revolyusion ixtira bu qılıncı saxlayan nazik ipin qırılması ilə nəticələnəcək. Bu ölkələrin neft asılılığından xilas olması yaxın illərdə gözlənilmir. Həyat köklü reformaların aparılmasını ortaya qoyacaq, başqa variant yoxdur."































































































