2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 422 milyon 580 min ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd olunub.
O cümlədən, 2025-ci ildə idxal əməliyyatları üzrə 24 milyard 379 milyon 730 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 25 milyard 42 milyon 850 min ABŞ dolları ticarət qeydə alınıb, saldo müsbət 663 milyon 119 min ABŞ dolları olub.
MÖVZU İLƏ BAĞLI:
Bu məhsul kəskin bahalaşdı - Daha da artacaq
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları, o cümlədən, idxal əməliyyatlarının cəmi dəyəri 21 milyard 58 milyon 44 min ABŞ dolları, ixrac əməliyyatlarının cəmi dəyəri 26 miilyard 554 milyon 57 min ABŞ dollar, saldo müsbət 5 milyard 496 milyon 13 min ABŞ dolları təşkil etmişdi.
Beləliklə, ötən il Azərbaycanın ixracı azalıb, idxalı artıb, müsbət saldo 8,3 dəfə azalıb.
İxrac gəlirlərinin azalması neft-qaz sektoruna daxil olan mallar üzrə gəlirlərin 2024-cü ildəki 23 milyard 197 milyon 549 min dollardan 21 milyard 414 milyon 602 min dollaradək geriləməsilə əlaqədardır.
Cəmi idxalın dəyərinin artması isə əsasən nəqliyyat vasitələri və onların hissələrinin, yeyinti məhsullarının idxalının artması ilə bağlıdır.
Bəs müsbət saldonun azalmasının hansı təsirləri ola bilər?
Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya deyib ki, ticarət dövriyyəsində müsbət saldonun azalmasının əsas səbəbi neftin həcmidir:
“Məlumdur ki, ixracatımızın 90 faizini neft-qaz məhsulları təşkil edir. Ötən il ixrac olunan neftin həcmi təqribən 5 faiz azalıb. Eyni zamanda ixrac olunan neftin dəyəri azalıb. Nəzərə alaq ki, 2024-cü ildə neftin bir barrelinin qiyməti 80 dollar civarında idisə, ötən il bu qiymət xeyli aşağı olub. Yəni ötən il ixrac edilən neftin həm həcmi, həm də dəyəri azalıb. Nəticədə xarici ticarət dövriyyəmizdə müsbət saldonun səviyyəsi aşağı düşür.
Qeyd edim ki, müsbət saldonun bu qədər azalması yaxın keçmişdə qeydə alınmayıb. Bu göstəricinin getdikcə azalması və mənfi saldoya keçməsi ehtimalı da var. Çünki bu ildə neftin hasilatında azalmalar müşahidə olunacaq. Qiymət isə daha aşağı düşəcək.
Ən azından 2025-ci ilə nisbətən bu il neftin qiymətinin daha aşağı olması ehtimalı daha yüksəkdir. Bu ilin sonunda ola bilsin ki, satdığımızla aldığımız başa-baş olsun, ya da mənfi saldo yaransın. Bu da makroiqtisadi göstəricilərə mənfi təsir göstərə bilər. Nəticədə xaricə güclü valyuta axını başlayar”.
Surxay Atakişiyev, Bizim.Media





























































































