Mərkəzi Banka ən çox borcu olan BANKLAR – SİYAHI

Hazırda oxunan: Mərkəzi Banka ən çox borcu olan BANKLAR – SİYAHI

589840

Azərbaycanda fəaliyyət göstərən bankların 2025-ci ilin 3-cü rübü üzrə hesabatı açıqlanıb. Bankların hesabatına baxdıqda 3-cü rübdə Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər bir sıra banklarda artıb. 

2025-ci ilin yanvar-sentyabr aylarında bankların mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri cədvəldəki kimi olub:


Cədvəldən göründüyü kimi ötən il Mərkəzi Bank qarşısında bir sıra banklar borclanmadan qurtulsa da, bəzilərini borcu daha da artıb.


Ən çox borclanan bank isə “Azəri-Türk Bank”dır - 207 milyon manat. İkinci sırada isə “Yelo Bank” qərarlaşıb. Bu bank yanvar-sentyabr aylarında əlavə olaraq 28 milyon manat borclanıb.

Təbii ki, bankların Mərkəzi Bank qarşısında daha çox borclanması  həmin banklarda maliyyə sabitliyinin pozulması deməkdir.

Qeyd edək ki, “Yelo Bank” ötən il xalis gəliri ən çox azalan banklardan biri olub. Eyni zamanda ən çox şikayət olunan 2 bankdan biri “Yelo Bank”dır.

Mərkəzi Bankdan borc almaq son çarədir

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bankların Mərkəzi Banka böyük məbləğdə borclanmasının fəsadları müxtəlif istiqamətlərdə özünü göstərə bilər:

“Xüsusilə də, bu borc uzun müddət yüksək səviyyədə qalarsa və bankların öz daxili maliyyə vəziyyəti zəifləyərsə təsir daha çox olacaq. Belə borclanmanın müxtəlif mənfi təsirləri var. Məsələn bankların likvidlik asılılığı arta bilər. Banklar Mərkəzi Bankdan tez-tez və böyük məbləğdə kredit götürdükdə, real bazar mənbələrindən deyil, “son çarə” kimi Mərkəzi Bankdan asılı olurlar.

Bu o deməkdir ki, banklar öz əməliyyatlarını normal bazar şəraitində maliyyələşdirməkdə çətinlik çəkə bilər və risklər artar. Borcun yüksək olması likvidlik riskini artırır və bankın öz xərcini idarəetmə qabiliyyətini zəiflədə bilər.

Bu Mərkəzi Bankın balansına risk yarada bilər. Mərkəzi Bank banklara verdiyi kreditlərin hamısı üçün yüksək keyfiyyətli təminat tələb edirsə də, borc miqdarı çox olarsa, bu, onun aktivlərində riskin artmasına səbəb olur. Bu, bankların kredit siyasətinə də təsir edə bilər”.

Müsahibimiz qeyd edib ki, Mərkəzi Bankdan asılılıq artdıqca, banklar real bazar qaydalarından kənar, süni aşağı faizlə və ya uzun müddətli borc götürə bilər:

“Bu isə onları riskli kredit portfelinə yönəldə və kredit keyfiyyətinin pisləşməsinə gətirib çıxara bilər, nəticədə bankların aktiv keyfiyyəti zəifləyə bilər.

Maliyyə sabitliyinin pozulma riski də var.
 

Mərkəzi Bankdan borc götürən bankların sayı çox olarsa, bu, sistem üzrə risklərin yığılmasına və bank sektorunda ümumi sabitliyin pozulmasına gətirib çıxara bilər. Belə vəziyyət bankların bir-birinə qarşı inamını azalda, artan borc yükü nəticəsində ümumi maliyyə stresinə səbəb ola bilər. Yekunda bank axınları kimi panik hallara yol aça bilər — bu, bank sektorunun geniş şəkildə pozulması ilə nəticələnə bilər.


Bu fəsadlar bank sektorunun dayanıqlılığına və ümumi iqtisadiyyata mənfi təsir göstərə bilər, ona görə də tənzimləyici qurumlar borcun səviyyəsini, bankların risk idarəçiliyini və Mərkəzi Bankın likvidlik siyasətini diqqətlə izləməlidirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin