Maduronun gedişi bazarlarda ÇAXNAŞMA YARATDI – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Maduronun gedişi bazarlarda ÇAXNAŞMA YARATDI – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

589024

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri, Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyat keçirib. Nəticədə Maduro və həyat yoldaşı tutulub. Onlar ölkədən çıxarılaraq ABŞ-a aparılıb.

Bu hadisə dünyada şok effekt yaradıb. Nəzərə alaq ki, Venesuela dünyada təsbit olunmuş neft ehtiyatlarının 17,2 faizinə, yəni 304 milyard barelə sahibdir. Yəni bu ölkə neft ehtiyatlarına görə dünya birincisidir.
 

MÖVZU İLƏ BAĞLI:

Trampdan XƏBƏRDARLIQ – “Venesueladan sonra bu ölkə də çökəcək”


Ona görə də Venesuelada baş verənlər dünyada neftin qiymətinə birbaşa təsir edə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, ABŞ-ın Venesuelaya müdaxiləsi hələ o demək deyil ki, bu neft qısa zamanda bazarlara çıxıb hansısa ciddi fərqliliklər yaradacaq:

“Çünki mövcud infrastrukturun səviyyəsi çox aşağıdır. Belə ki, quyuların böyük hissəsi köhnədir və fasiləsiz işləmək üçün kompressorlar, nasoslar və enerji təminatı çatışmır. Mövcud hasilat gücü texniki aşınma və uzunmüddətli baxımsızlıq səbəbindən potensialdan xeyli aşağı səviyyədədir. Çıxarılan neftin boru kəmərləri ilə terminallara daşınmasında itkilər və fasilələr yaşanır, bu da gündəlik hasilatın artımını məhdudlaşdırır.

Nəticədə, Venesuelanın ixrac infrastrukturu neftin bazara sürətli və kütləvi çıxışına tam hazır deyil.

Venesuelanın böyük emal mərkəzi olan neft emal kompleksləri uzun müddətdir ki, gücünün kiçik hissəsi ilə işləyir. Bəzi dövrlərdə isə bu fəaliyyətin təxminən 10 faizi işlək olur”.

Müsahibimiz onu da qeyd edib ki, Venesuelanın əsas neft ehtiyatları Orinoko hövzəsində yerləşir və burada çıxarılan xammal əsasən çox ağır, yüksək özlülüklü neftdir:
 

“Bu neftin API göstəricisi adətən 7-9 aralığında olur, qatran və asfalten payı yüksəkdir, bu da hasilat, daşınma və emalı bahalaşdırır. Beynəlxalq bazara isə bu xammal seyreltmə və qarışdırma yolu ilə çıxarılır. Məsələn, Merey 16 markalı qarışığın API göstəricisi təxminən 16, kükürd tərkibi isə 3 faiz civarındadır. Buna görə də Brent neftindən normal şəraitdə 12-15 dollar ucuz satılır. Amma sanksiya və digər risklər artanda isə Brentdən 20 dollar daha ucuz ola bilir.


Mövcud şəraitdə 2026-cı il Venesuela nefti üçün real satış ili deyil. Ölkədə proseslər hələ formalaşma mərhələsindədir və təhlükəsizlik, idarəetmə, texniki sabitlik və infrastruktur olmadan hasilatın və ixracın artması mümkün deyil. Bu səbəbdən 2026-da Venesuela neftinin qiymətlərə təsiri real həcmlə yox, əsasən gözləntilər səviyyəsində qalacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin