2025-ci il hansı qiymət artımları ilə YADDA QALDI? – ARAŞDIRMA

Hazırda oxunan: 2025-ci il hansı qiymət artımları ilə YADDA QALDI? – ARAŞDIRMA

588059

Artıq 2026-cı ilin addım səslərini eşidirik, 2025-ci il isə tarixə qovuşur. Bu ilə dönüb baxdıqda xeyli siyasi, ictimai dəyişikliklərin baş verdiyini görürük. Bununla yanaşı, Azərbaycanda  vətəndaşların gündəlik həyatına sözsüz ki təsir edən bəzi qiymət artımları da oldu.

Belə ki, ümumi olaraq dünyada neftin, qızılın və s qiyməti artıb-azalsa da, elə qiymət artımları var ki, o, vətəndaşın büdcəsində özünü daha da göstərir.

Bəs görək bu il vətəndaşların büdcəsinə necə təsir etdi?

Bizim.Media 2025-ci ildə Azərbaycandakı bəzi qiymət artımlarını araşdırıb.

İlin ilk günlərində yeni kommunal tarifləri müəyyən olundu.
 

Təbii qazın qiymətində artım- Yanvarın 2-də Tarif Şurasının qərarına əsasən:1200 kub metr olan hissə üçün - 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;


1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün - 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

2500 kub metrdən çox olan hissə üçün - 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqləndi.

Belə ki, bu qərardan sonra 1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırıldı.

Elektrik enerjisində tarif dəyişikliyi - Yanvarın 2-də Tarif Şurasının qərarına əsasən elektrik enerjisində dəyişiklik baş verdi.
 

200 kVt/s olan hissə üçün 1 kilovatt/saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5 %) artırılaraq 8 qəpikdən 8,4 qəpik həddində;200 kilovatt/saatdan 300 kVt/s-adək olan hissə üçün 1 qəpik (11,1 %) artırılaraq 9 qəpikdən 10 qəpik həddində; 300 kVt/s-dan çox olan hissə üçün 2 qəpik (15,4 %) artırılaraq 13 qəpikdən 15 qəpik olaraq müəyyən olundu.


Ümumilikdə, 1 kilovatt/saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8 %) artırıldı.

“Azəristiliktəchizat”- ın yeni tarifləri

Yanvarın 2-də “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirildi.
 

Həmçinin, bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edildi.


Belə ki, bu tarif çərçivəsində əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edildi.

Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edildi.

Çörəyin qiymətində artım

Əlbəttə, bir ailənin gündəlik olaraq istehlak etdiyi məhsul çörəkdir. Buna görə də çörəyin qiyməti daim vətəndaşların diqqət mərkəzindədir. 2025-ci ilin ilk ayında artıq marketlərin çoxunda çörəyin qiyməti artdı. Hazırda isə 1 ədəd “zavod çörəyi”nin qiyməti 65 qəpikdir. Əvvəl isə bu rəqəm 55 qəpik idi.

Gedişhaqqında artım

2025-ci ildə vətəndaşların büdcəsinə xeyli təsir edən artımlardan biri də gedişhaqqının artırılması oldu. Belə ki, sentyabrın 29-da şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi 60 qəpik olaraq müəyyənləşdirildi. Əvvəl isə 55 qəpik idi.

Qeyd edək ki, bu məbləğ marşrutun hərəkət məsafəsindən asılı olaraq dəyişir.

Eyni zamanda, Bakı metrosunda isə sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpikdən artaraq 60 qəpik olaraq təsdiq edildi.
 

Bunlardan əlavə olaraq, alıcılar ərzaq məhsullarının qiymətlərində də xeyli bahalaşma müşahidə edirlər. Belə ki, yağ, un,ət,şəkər qiymətində  ən çox dəyişiklik müşahidə olunan məhsullardır. Məsələn, hazırda bir çox ət mağazasında 1 kiloqram dana əti 17, qoç əti 15.50, quzu əti isə 21 manata satılır. 


Həmçinin, bu il əhalinin gündəlik olaraq ən çox istifadə etdiyi xidmətlərdən biri olan mobil operatorların da tariflərində qiymət dəyişiklikləri oldu. Xüsusilə ölkənin iki böyük mobil operatoru - "Azercell" və "Bakcell" tarif qiymətlərini artırdı.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin