2026-ci illə bağlı əhalini ən çox düşündürən məsələlərdən biri də manatın məzənnəsi məsələsidir.
Başa çatmaqda olan 2025-ci ildə manatın məzənnəsi sabit qaldı. Düzdür, 2025-ci ildə xüsusən də dünyada cərəyan edən gərgin münasibətlər fonunda neftin qiymətində müəyyən azalmalar müşahidə edilir. Lakin hazırda neftin mövcud qiymətləri də manatın məzənnəsinin sabit qalmasına şərait yaradır.
Görəsən üzümüzə gələn 2026-cı ildə manatı hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov hesab edir ki, 2026-cı ildə də Azərbaycan hökuməti dollara nisbətdə manatın məzənnəsinin sabit saxlanılması istiqamətində apardığı siyasətini, hər hansı bir ciddi şoklar ortaya çıxmasa, davam etdirəcək:
“Bu həm pul siyasəti sənədinin təhlilində, həm də hökumətin digər strukturlarının qısa müddətli proqnozlarında, dövlət büdcəsinin hazırlanması sənədlərində özünü göstərməkdədir. Həmçinin, indiki şərtlər daxilində konyuktura manatın məzənnəsini qorumaq üçün o qədər də gərgin deyil.
Neft il ərzində faktiki olaraq nəzərdə tutulan qiymətə satılıb. Strateji valyuta ehtiyatları da əhəmiyyətli səviyyədə artıb. Üstəlik, əhalinin yığımlarında, depozit və əmanətlərdə xarici valyutanın həcmi azalmaqdadır”.
“Manata münasibətdə ictimai etibar qorunur”.
Ekspert qeyd edir ki, manatın məzənnəsinə təsir edən əsas amil ölkənin resurs gəlirləri, neftin, qazın qiymətidir:
“Hələlik neft və qazın qiymətilə bağlı orta müddətli dövr üçün proqnozlaşdırma aparmaq mümkün deyil. Hökumət mövcud şərtlər daxilində uzunmüdətli xarakter almaması şərtilə neftin qiymətinin 40-45 dollara qədər ucuzlaşması fonunda belə manatın məzənnəsini saxlaya biləcək alətlərə sahibdir”.
İqtisadçının fikrincə, 2026-cı ildə dolların məzənnəsinin zəifləyəcəyi də gözlənilir:
“Tramp adminstrasiyası bu istiqamətdə FED-ə təzyiqlər edir. Dolların ucuzlaşması isə o deməkdir ki, manat üçün bu istiqamətdə gözlənilən təzyiqləri neytrallaşdırmağa əlavə imkan yaranacaq. Sosial effektlər, iqtisadiyyatın prosesə hazır olmaması, inflyasiya təzyiqlərinin yüksək olaraq qalması, idxal inflyasiyasının qiymət artımında əsas payçı olması amillərini ümumiləşdirərək, deyə bilərik ki, 2026-cı ildə manatın məzənnəsini, hər hansı ciddi hadisələr baş verməsə, dəyişdirməklə bağlı hər hansı bir qərar verilməyəcək”.
Rüfət Sultan, Bizim.Media

































































































