Azərbaycan qazı Avropanın Bakıyla münasibətlərini isidə biləcəkmi? – Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: Azərbaycan qazı Avropanın Bakıyla münasibətlərini isidə biləcəkmi? – Tofiq Zülfüqarovun ŞƏRHİ

58591

Son həftələrdə Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsi Qərbin Moskvaya qarşı mövqeyinə də ciddi təsir göstərib. Belə ki, Rusiyanın Avropa İttifaqı qarşısında əsas “kozır”ı olan enerji ehtiyatlarına alternativlər tapmaq üçün bütün Qərbin fəaliyyətə keçdiyi sezilir. 

Bu variantlar içərisində Azərbaycanın adı isə daha çox ön plana çıxarılır. Təsadüfi deyil ki, Qərb rəsmilərinin və mətbuatının dilindən Azərbaycan qazı ifadəsi düşmək bilmir.

Avropanın bu istiqamətdə əməli fəaliyyətə keçdiyi də gizlədilmir. 

Xatırladaq ki, bir müddət öncə Avropa İttifaqının xarici siyasət komissarı Cozef Borell də Azərbaycanla bu istiqamətdə işlərin aparıldığını qeyd etmişdi. Bundan əlavə, Avropadan olan rəsmilərin Bakıya diplomatik səfərlərinə də start verilib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da Azərbaycan qazının Qərbə tədarükü müzakirə ediləcək 


Onu da qeyd edək ki, yanvarın 3-də Bakıya rəsmi səfərə gələn Macarıstan nümayəndə heyəti Azərbaycanla enerji tərəfdaşlığı məsələsinə xüsusi diqqət ayırmışdılar. Eyni zamanda Avropa ölkələrindən sözügedən məsələdə ilk olaraq önə sürülən ölkənin Macarıstan olması da bir sıra siyasi şərhçilər tərəfindən xüsusi seçim kimi dəyərləndirildi. Çünki rəsmi Budapeşt Azərbaycanın İttifaq üzvləri arasında ən yaxın münasibətlərinin olduğu ölkələri içərisində ön sıralardadır.

Bəs, Avropanın Azərbaycan qazı üçün bu qədər canfəşanlıq etməsi İttifaqın Azərbaycan siyasətinə necə təsir göstərəcək?

Sualı Bizim.Media üçün cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun qənaətinə görə, Azərbaycanın Avropaya qaz ixracı həcmi indiki mərhələdə İttifaqın siyasətinə təsir edəcək həcmdə deyil:  

“Doğrusu, mən bunun baş verəcəyinə inanmıram. Çünki Azərbaycandan ixrac olunan qazın miqdarı o qədər də böyük deyil. Bu həcm Avropa enerji bazarı üçün də yüksək deyil.


Eyni zamanda Azərbaycandan Avropaya ixracın miqdarı da layihədə nəzərdə tutulan səviyyəyə çatmayıb. Hətta çıxsa da belə, Avropanın cənubu, Balkan ölkələri, qismən də İtaliya üçün əhəmiyyətlidir. Lakin Rusiyanın ixracı əsasən Almaniya üçün nəzərdə tutulub. Almaniya bir növ “hab”dır və digər ölkələrə də qaz buradan ötürülür. Miqdar baxımından nəzərə alarsaq, mən iki məsələ arasında əlaqə görümürəm”.

Lakin sabiq nazirin fikrincə, gələcək perspektivdə digər mənbələrin də layihələrə qoşulması sözügedən vəziyyətə təsirsiz ötüşməyəcək:

“Hal-hazırda Rusiyanın Avropaya qaz ixracının həcmi 100 milyad kubmetr civarındadır və bu ümumi tələbatın 40%-ni qarşılayır. Azərbaycan üçün isə bu rəqəm 10 milyard kubmetrdir. Lakin önümüzdəki dövrdə Türkiyənin Aralıq dənizindəki enerji layihələri həyata keçirilərsə, Yaxın Şərqdən bəzi ölkələrin də qoşulması nəticəsində bu həcm həlledici həddə çatacaq. Lakin Azərbaycanın burada payı çox nisbidir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin