Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 milyon 329,1 min ton dizel yanacağı istehsal edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, 2024-cü ilin 11 ayının göstəriciləri ilə müqayisədə 18,4 % çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 5 milyard 12,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 % artıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 58,7 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Bu müddət ərzində Azərbaycanda 1 milyard 342,2 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 % çoxdur.
Hesabat dövründə 32,8 min ton sürtkü yağları, 225,6 min ton neft bitumu istehsal edilib. Ötən ilin 11 ayı ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 48,3 %, neft bitumunun istehsalı isə 5,1 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 206,7 min ton maye qazlar, 634,4 min ton ağ neft, 218,6 min ton neft koksu istehsal edilib.
Son bir ildə Azərbaycanda maye qazların istehsalı 24,3 %, neft koksunun istehsalı 25,8 %, ağ neftin istehsalı isə 14,3% artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.
Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Bizim.Media





























































































