Gələn ilin büdcə zərfində dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, Müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur:
“Ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3,0 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.
Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranmışdır. Sadaladığımız və cəmi 52,0 milyon manat təşkil edən bu xərclər dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq.
Bununla yanaşı bəzi təşkilatların təklifləri əsasında onların xərclərinin optimallaşdırılması səbəbindən iqtisadi təsnifata uyğun olaraq 13,2 milyon manat məbləğində maddələrarası yerdəyişmələrin aparılmasına ehtiyac var. Həmkarlarımız tərəfindən qaldırılan məsələlərin bir qisminin prioritetlik prinsipi üzrə dövlət investisiya xərcləri hesabına həll ediləcəyi nəzərdə tutulur. Məlumat üçün qeyd edim ki, növbəti ildə dövlət investisiya proqramı üçün 2,7 milyard manat vəsait ayrılması planlaşdırılır”.
Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklər 2026-cı il dövlət büdcəsi haqqında yenilənmiş Qanun layihəsinin 1-ci, 7-ci və 9-cu maddələrində öz əksini tapıb.
Günay Şahmar, Bizim.Media

































































































