Son günlər bəzi avtomobil ehtiyat hissələrinin qiymətində artım müşahidə olunur. Bu, avtomobil sahibləri və potensial alıcılar arasında narahatlıq yaradıb və suallar doğurub. Xüsusilə də, sözügedən vəziyyət avtomobillərin qiymətlərində mümkün dəyişikliklərlə bağlı müzakirələrə səbəb olub.
Bəs bu gedişat avtomobil qiymətlərinə təsir edəcəkmi?
MÖVZU İLƏ BAĞLI:
Avtomobilini utilizasiya etdirmək istəyənlərə ŞAD XƏBƏR
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, ehtiyat hissələrinin qiymətindəki artım avtomobil bazarında kütləvi bahalaşmaya səbəb olmayacaq:
“Bəzi avtomobillərin ehtiyat hissələrinin qiymətinin artması marketinq və reytinq məsələlərinə görə ortaya çıxan hallardan biridir. Burada söhbət xüsusilə dövlətin bu ildən tətbiq etdiyi güzəştlərin dayandırıldığı nəqliyyat vasitələrinin ehtiyat hissələrindən gedə bilər.
Lakin bu, böyük bir qiymət sıçrayışına gətirib çıxara bilməz. Çünki ehtiyat hissələri dəyişdirildikdə müəyyən müddət üçün istifadə olunur və kütləvi bahalaşmaya səbəb olmur. Belə hallar daha çox bəhanə xarakteri daşıya bilər və yalnız konkret modellərdə qiymətə təsir göstərə bilər”, - deyə Aslan Əsədov bildirib.
Ekspert vurğulayır ki, avtomobil bazarında qiymət artımı birbaşa ehtiyat hissələrinin qiymətindən deyil, daha çox bazar tələbi, valyuta məzənnəsi və istehsal xərcləri ilə bağlıdır:
“Ona görə də bütün avtomobillərin qiymətinin artacağı gözlənilmir, yalnız müəyyən markaların və modellərin ehtiyat hissələri bahalaşdığı təqdirdə, həmin avtomobillərdə qiymət artımı müşahidə oluna bilər”.
Aygün Hüseyn, Bizim.Media




































































































