Vəfat edən şəxsin pensiya kapitalının taleyi NECƏ OLUR? – RƏSMİ CAVAB

Hazırda oxunan: Vəfat edən şəxsin pensiya kapitalının taleyi NECƏ OLUR? – RƏSMİ CAVAB

579399

Pensiya kapitalı sığorta olunanların fərdi hesabında toplanan vəsaitdir və hər il indeksləşdirilir. Hazırda pensiya kapitalının minimum məbləği 46 min 80 manatdır.

Lakin müəyyən səbəblərə görə heç də hər kəs pensiya yaşına qədər minimum pensiya kapitalını toplaya bilmir. Amma hər bir işləyən şəxsin pensiya hesabına müəyyən vəsait toplanır. Zaman gəlir vətəndaş pensiyaya çıxır. Vətəndaş minimum pensiya kapitalını toplamayıbsa, o zaman DSMF müəyyən pensiya təyin edir.
 

MÖVZU İLƏ BAĞLI:

Pensiya kapitalından vaxtından əvvəl istifadə etmək olarmı? – RƏSMİ CAVAB


Burada bir maraqlı məqam var. Pensiyaya çıxmış və minimum pensiya kapitalı toplamamış vətəndaş dünyasını dəyişəndə ona ödənişlər təbii olaraq, dayanır.

Bəs, vəfat edən şəxsin illər boyu fərdi hesabında toplanan, lakin istifadə edilməyən vəsaitin taleyi necə olur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dünyasını dəyişənlərin pensiya kapitalı ilə bağlı qərarvermə mexanizmi yoxdur:

“Doğrudur, bəzi bəlli məqamlar var. Məsələn pensiyaçı dünyasını dəyişərsə, onun həyat yoldaşı onun pensiyasından faydalana bilər. O da yalnız bu formada ola bilir ki, onun təqaüdü mərhumun təqaüdündən az olsun. Bu zaman həyat yoldaşı daha yüksək pensiyanı seçə bilər.

Amma həmin şəxsin mərhumun pensiya kapitalına çıxış imkanı yoxdur. Maraqlıdır ki, bunun qadağası da yoxdur, icazəsi də... Bu məsələylə bağlı ölkəmizdə çox qəribə bir vəziyyət var. Ona görə də bu məsələdə ciddi qanunvericilik dəyişikliyinə ehtiyac var”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərdik. Məsələ ilə bağlı Fonddan Bizim.Media-ya bildirilib ki, 2019-cu ilin yanvarın 1-dən ölkəmizdə pensiya təyinatı proaktiv qaydada həyata keçirilir:

“Yəni pensiya hüququ yaranan vətəndaş hər hansı sənəd təqdim etmədən ona avtomatlaşdırılmış qaydada pensiya təyin olunur.

Vəfat etmiş ailə başçısı pensiyaçı olduqda və ya pensiyaçı olmamışdırsa, vəfat etdiyi tarixə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda mərhumun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun aşağıda qeyd olunan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var.

- 18 yaşına çatmamış övladlarının;

- 18 yaşından 23 yaşınadək əyani təhsil alan övladlarının;

- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarının;

- Pensiya yaş həddinə çatmış (kişilər 65, qadınlar 64 yaş 6 ay) arvadı (əri), anası, atası, həmçinin I və ya II dərəcə əlil olmuş arvadı (əri), anası, atası.

Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir.

Ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi yuxarıda qeyd olunan şərtlərin mövcud olduğu müddət üçün, pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi pensiyaçı vəfat etdikdə, dul arvadı (əri) yeni nikah bağladıqda və qanunvericiliyə uyğun olmayan hallar yarandıqda dayandırılır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin