“2026-cı ildə dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i qeyri-neft gəlirləri hesabına formalaşacaq. Bəzən bu artımı müxtəlif istiqamətə yönəldərək vergilərin artırılması ilə bağlamağa çalışırlar. Bu düzgün yanaşma deyil”.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, bu məsələlərdə verginin ÜDM-də payına baxılır.
“Artımın birinci mənbəyi qeyri-neft ÜDM-in özünün artmasıdır. Gələn il qeyri-neft ÜDM-də nominal olaraq təqribən 10%, real olaraq 5% artım proqnozlaşdırılır. Vergi isə nominal rəqəmlərdən tutulur. Birinci növbədə ÜDM-in özü artdığına görə gəlirlər artır. Cari ildə qeyri-neft vergilərinin ÜDM-ə nisbəti 12.9 faizdirsə, gələn il bu göstərici 13.1 faiz olacaq. Cəmi 0.2 artım artımdır, ona görə ciddi vergi artımından danışmaq olmaz. Bu, yanlış bir yanaşmadı”.
S.Babayev vergi paketində müxtəlif güzəştlərin olduğunu deyib:
“Vergi paketində onlarla güzətlər var. Ən çox müzakirə olunan məsələ isə muzldu gəlirə olan gəlir vergisi məsələsidir. Bu barədə son günlər dəfələrlə mövqeyimiz açıqlanıb. Əmək bazarının mütləq əksəriyyətini təşkil edən, yəni 2500 manata qədər gəlir əldə edənlər üçün gəlir vergisi 3 % olacaq. Bunun özü çox böyük güzəştdir. Əgər bu güzəşti hökumət irəli sürməsəydi, 2026-cı ilin yanvarından həmin gəlirlərə 14% vergi tətbiq ediləcəkdi. Yəni iqtisadiyyat üzərində vergi yükünün artdığını düşünmürük”.
Günay Şahmar, Bizim.Media


























































































