Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – 2026-cı ildən etibarən...

Hazırda oxunan: Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – 2026-cı ildən etibarən...

578604

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Artıq payızın ikinci ayı arxada qalır, elə o qədər müddətə də cari il başa çatacaq. Ona görə də gündəmə artıq enerji bazarlarının bu ilə fokuslanan daha real proqnozları və qarşıdakı illərdə qlobal bazarları gözləyə biləcək hadisələr gəlir. 

Qlobal bazarlar

Cari həftə dünya bazarlarında “qara qızılın” qiyməti ötən həfənin artımından sonra yenidən üzüaşğı istiqamət götürdü və hazırda 64 dollar ətrafında sabitləşib. Əgər əvvəlki həftə sonu Brent markalı neftin 1 barelinin qiyməti London Əmtəə Birjasında 66 dollar həddini keçmişdisə və ötən həftənin əvvəli 64,90 dollar qiymətləndirilmişdisə, sonrakı günlərdə qiymətdə enmələr müşahidə edildi. Amma son 3 gün artıq neft 64 dollar ətrafında stabilləşmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Neft UCUZLAŞIR – Büdcədə yenidən dəyişiklik EDİLƏCƏK?


Bunun bir səbəbi o idi ki, bazar iştirakçıları ABŞ-nin Rusiyanın iki iri neft ixracatçısına – Rosneft və LUKoil şirkətlərinə tətbiq etdiyi sanksiyaları daha real qiymətləndirməyə başladılar və özlərinə belə bir sual verdilər ki, Rusiya neftinə qarşı kollektiv Qərbin ilk sanksiyaları 2022-ci ilin 5 dekabrında, neft məhsullarına qarşı isə 2023-cü ilin 5 fevraldan qüvvədə olmasına baxmayaraq, hələ də dünya bazarına axmaqda davam edir.

Bu müddətdə 7.5 milyon barelə qədər neft və neft məhsulu ixrac edən Rusiyanın dünya bazarına tədarükü azalsa da, amma hələ də 5 mln bareldən yüksək göstərici ətrafındadır. Demək, sərtləşdirilmiş sanksiyalar belə yaxın dövr üçün bazarda hansısa hiss ediləcək qıtlıq təhlükəsi yaratmağa qadir deyil. 

Neft qiymətləri proqnozu

Bu həftə Dünya Bankı 2025-2026-cı illər üzrə Brent markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.

Proqnoza əsasən, Brent neftinin orta qiyməti 2025-ci ildə 68 dollar səviyyəsində ehtimal edilir, 2026-cı ildə isə qiymətlərin 60 dollara qədər ucuzlaşacağı gözlənilir. Maraqlısı isə odur ki, Dünya Bankı ekspertləri gələn illə bağlı proqnozlarını artıq 2-ci dəfədir ki, dəyişməyiblər. Yəni neft qiymətlərinin ucuzlaşması ehtimalı hələ də yüksəkdir.


Bu ehtimalı dünyanın tanınmış neft-qaz şirkəti olan Shell-in baş direktoru Vael Savan üçüncü rübün nəticələrindən sonra keçirdiyi telekonfrans zamanı da təsdiqləyib. O, bildirib ki, gələn il qlobal neft bazarında təklif bolluğunun yaranması ssenarisi daha çox ehtimal edilir, lakin uzunmüddətli perspektivdə qiymətlərin artacağını gözləyir. Bu da səbəbsiz deyil, çünki yaşıl enerji dünyada yaşanan hazırkı gərginlikdən sonra qlobal iqtisadiyyatın artım templərini qarşılamağa yetərli olmayacaq.

Elə Dünya bankı da “Brent” markalı neftinin qiyməti üzrə artıq 2027-ci ildən artımı gözlədiyini və neftin 65 dollar səviyyəsində qərarlaşacağını ehtimal edir.

“Yaşıl enerji” layihələri

Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlqoyma mərasimlərində iştirak etdi.
 

Bu hadisənin özü bir daha onu göstərir ki, rəsmi Bakı Qarabağ və Şərqi Zəngəzur bölgələrində yalnız yaşıl enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı illər öncə verdiyi bəyanatlarına sadiq qalır. Artıq alternativ enerji mənbələri üzrə bu bölgədə 38 elektrik stansiyası fəaliyyətdədir və bir neçə ildən sonra onların sayı 50-yə çatdırılacaq.


Bu layihələr ümumilikdə Azərbaycanın enerji istehsalında şaxələndirmə siyasətini gücləndirir və 2030-cu ilə qədər ümumi enerji istehsalında bərpaolunan mənbələrin payının 30% həddini keçmək məqsədinə xidmət edir.

Layihə üzrə açıqlanan göstəricilər iqtisadi baxımdan kifayət qədər səmərəlidir. 2027-ci ildə istismara verilməsi planlaşdırılan bu stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı “AzərEnerji” ASC-yə, 131 milyon kilovat-saatı isə “elektrik enerjisinin virtual ötürülməsi” prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. Yəni bu o deməkdir ki, bu iki günəş elektrik stansiyasının illik istehsal edəcəyi 206 milyon kVtsaat elektrik enerjisinin 36,4%-i ölkənin elektrik enerjisi sisteminə ötürüləcək, yerdə qalan 73,6%-i isə birbaşa iri istehlakçılar tərəfindən satın alınacaq.

Mən belə güman edirəm ki, bunlar istehsalçı şirkətlər olacaq, hansılar ki, öz məhsullarını Avropa bazarlarına çıxarmağa hazırlaşırlar və bu zaman “karbon izindən” azad olma məsələsi onların uzaq bazarlarda rəqabətədavamlılıq göstəriciləri üçün müstəsna əhəmiyyət daşıyır.

Demək, reallaşdırılan yaşıl enerji layihələri təkcə enerji təminatı baxımından deyil, həm də ekoloji sabitlik və iqtisadi siyasət baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Hər iki stansiyanın 2027-ci ildə tam istismara verilməsi ilə hər il 44 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir.

“Yaşıl enerji”nin yolundakı maneələr

Onu da əlavə edim ki, yaşıl enerjinin Azərbaycan üçün əhəmiyyəti barədə son illər kifayət qədər çoxsaylı məlumatlara rast gəlirik, bu haqda hökumət üzvləri də, beynəlxalq təşkilatların nümayəndələri də, şirkətlər də mütəmadi çıxışlar edir. Amma elə zənn etməyin ki, yaşıl enerji sahəsində hər şey rəvandır, hər məsələnin həlli üçün hər yerdə yaşıl işıq var. Problemlər də var. Özü də bu problemlər bu dəfə Bakıda keçirilən XIII Beynəlxalq Xəzər Enerji Forumunda səsləndirilib.
 

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev forumda çıxışı zamanı bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələri ilə bağlı iqtisadi potensialın reallaşdırılmasında problemlər var.


Onun sözlərinə görə, layihələrin həyata keçirilməsi zamanı iqtisadi potensialın reallaşdırılması ilə müəyyən problem ortaya çıxır. Məsələn, hər hansı bərpa olunan enerji layihəsinin həyata keçiriləcəyi ərazidə kiminsə, yəni iqtisadiyyatın digər sektorunun da başqa layihəsi olur, həmçinin “yaşıl enerji” layihələri üçün dənizdə belə müxtəlif məhdudiyyətlər yarana bilər. Onu deyim ki, Cavid müəllim çox diplomatikcəsinə öz fikirlərini açıqlayıb. Reallıq isə ondan ibarətdir ki, yəni yaşıl enerji layihələrinin gerçəkləşdirilməsi zamanı bazarda maraqların toqquşması da var. Bunun özü isə, çox zaman açıb-ağardılmasa da, amma xeyli enerji aparan məsələlələr sırasındadır.  

Digər bir natiq isə Azərbaycanın yerli şirkətlərinin bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə qoşulmasında əsas problem kimi yerli bankların risk iştahasını göstərib.

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "SOCAR Green" MMC-nin Maliyyə departamentinin direktoru Rza Nağıyev Forumda çıxışı zamanı vurğulayıb ki, "SOCAR Green" bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə yerli bazar iştirakçılarını cəlb etməyə çalışır.
 

Amma bu proses ərzində görürük ki, bəzi çətinliklər var. Hazırda Azərbaycanda bankların əksəriyyətinin depozit portfeli daha çox qısamüddətlidir. Bu da onların uzunmüddətli layihələri maliyyələşdirilməsinə mane olan əsas amillərdən biridir.


“Yaşıl enerji” layihələri çoxmilyonlu kapitalın yatırılmasını tələb edir. Yerli banklar isə uzunmüddətli layihələrə maraq göstərmirlər, bax burdan da yaranır bankların risk iştahası məsəli. Onu deyim ki, çox dəqiq və yerində işlədilən bir ifadədir. Hökumət gərək bu məsələyə çox həssas yanaşa, çünki ortada ölkənin, dövlətin maraqları var. 

Enerjidən kənar sahələrin inkişafı

Hələ bunlar mövcud narahatlıqların heç də hamısı deyil. Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Forumdakı çıxışı zamanı məsələyə daha geniş müstəvidə baxmağı tövsiyə edib. O, bəyan edib ki, Azərbaycanın aydın enerji keçidi planına ehtiyacı var. Onun sözlərinə görə, enerji siyasəti baxımından təmsil etdiyi qurum təbii qazı keçid yanacağı kimi qiymətləndirir.

"Lakin vurğulamaq istərdim ki, Azərbaycan üçün karbohidrogen ixracı  iqtisadiyyat üçün önəmli amildir, çünki ölkənin ixrac gəlirlərinin əhəmiyyətli hissəsini məhz enerji məhsulları təşkil edir. Buradan belə bir sual yaranır: Azərbaycan enerjidən başqa daha nə ixrac edə bilər?", -deyə Asiya İnkişaf Bankının nümayəndəsi sual ünvanlayıb.
 

Nümayəndəlik rəhbəri diqqətimizi ona cəlb etməyə çalışır ki, nəyə görə enerji keçidi üçün aydın bir plan lazımdır? İqtisadi şaxələndirmə nöqteyi-nəzərindən təkcə yanacaq-energetika sektoruna deyil, onun hüdudlarından kənara da baxmaq lazımdır və bu zaman uzunmüddətli tələb nəzərə alınmalıdır.


Yəni uzun sözün qısası, bizim ixracı şaxələndirmək məsələsində ortada neft durur, biz təbii qaza neftə alternativ kimi baxırıq, ona paralel də alternativ enerjini gündəmə gətiririk. Amma bütün bunlar toplam elə enerjidir ki, hələ ondan kənarda xarici bazarlarda rəqabətədavamlı, özünü təsdiq etmiş bir sahəmiz yoxdur.  

Yeni texnologiyaların cəlb edilməsi

BP şirkəti bu həftə elan etdi ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli"  yatağının "Dərinsulu Günəşli" ərazisində qazılmış quyularda sualtı əməliyyatlara başlamağa hazırlaşır. Bunun üçün Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə texnologiyası tətbiq ediləcək. Bunda əsas məqsədlərdən biri hasilatı artırmaq, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır.

Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək. Qısaca onu deyə bilərəm ki, quyuların vəziyyətini öyrənmək və onları təmir etmək əvvəllər klassik yanaşmada yarımdalma qazma qurğularından istifadə etməklə mürəkkəb və çoxlu zaman aparan əməliyyatlarla müşayət olunurdu.

İndi isə BP "Xankəndi" sualtı xidmət gəmisinin imkanlardan istifadə etməklə, ən müasir rəqəmsallaşdırma, avtomatlaşdırma və robotlaşdırma üsulları ilə bu proseləri ən qısa zamanda görməyi planlaşdırır. Yəni quyunun içərisinə xüsusi dron buraxılır ki, N qədər parametrlər haqda məlumatları toplayır, onları idarəetmə mərkəzinə ötürür, məlumatlar təhlil edilir və lazımi qərarlar verilir. 

Neft gəlirlərinin azalması

Azərbaycan Respublikasının 2026-cı ilin büdcə zərfinin layihəsində neft-qaz gəlirlərinə dair proqnoz göstəriciləri maraq doğurur. Belə ki, gələn ildə Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə dövlət büdcəsinə ödəniləcək mənfəət vergisi 300 milyon manat proqnozlaşdırılır. Bu isə cari ilin proqnoz göstəricisindən 150 milyon manat və ya 33,3 faiz azdır. Yox əgər həmin göstəriciləri 2024-cü ilin icrası ilə bağlı faktiki ödənişlərlə müqayisə etsək, onda gələn il AÇG-dən ödəniləniləcək verigilərin 365 milyon manat və ya 2,2 dəfə azldığını görərik.
 

Azərbaycan hökumətinin məlumatına görə, 2025-ci il büdcə gəlirlərinin proqnozu ilə müqayisədə azalmaya səbəb AÇG üzrə neft hasilatının 3,9 milyon barel  və ya gündəlik olaraq ortalama 10,7 min barel azalmasıdır. Həmçinin Azərbaycanın ixrac neftinin hər barelinin orta satış qiymətinin 5 dollar az olmaqla 65 dollar nəzərdə tutulması, habelə əməliyyat və kapital xərclərinin artımı ilə bağlıdır.


Yəni bu dediklərim bir daha onu göstərir ki, neftin gəlirləri ilbəil azalır. Hətta dünya bazarında qiymət artımı olduğu halda biz gələcəkdə bu ilki səviyyədə qazanc əldə edə bilməyəcəyik, çünki qiymət artımı hasilatın azalması nəticəsində itirdiklərimizi kompensasiya etmək gücündə deyil.

Bu vəziyyətin aradan qaldırılmasının yolu isə yalnız yalnız neftdənkənar iqtisadiyyatın daha yüksək templərlə inkişaf etdirilməsindən keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin