Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən biri olan "Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət" Milli Prioriteti aparılan ardıcıl sosial islahatların əsas məramını təşkil edir.
Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupunun növbəti iclasında İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.
O, dövlətimizin başçısının tapşırıqları ilə son illər reallaşdırılan sosial islahatların nəticəsi olaraq sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində əldə edilən irəliləyişləri, əməkhaqqı, pensiya və digər sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb.
Həssas əhali qruplarının sosial dəstəklə əhatə olunması üçün icra olunan proqramların, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi, inklüziv cəmiyyətin, sosial xidmət, reabilitasiya sistemlərinin inkişafı istiqamətlərində mühüm addımların atıldığını qeyd edib.
Bildirilib ki, bu istiqamətdə islahatların davam etdirilməsi 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası üçün də əsas hədəflərdən olacaq.
İclasda yeni Strategiya layihəsinin hazırlanması üçün İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu tərəfindən aparılan işlər diqqətə çatdırılıb. Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib, layihəyə və təqdim edilən təkliflərə dair müzakirələr aparılıb.





Bizim.Media






























































































