2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait nəzərdə tutulub.
2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Beləliklə, Fond gələn il büdcədən 100 milyon manat alacaq.
Təbii ki, bu qərar daha çox insana güzəştli mənzil almaq fürsəti verəcək.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, 2025-ci ilin 9 ayında Azərbaycanda 354 milyon manat məbləğində ipoteka krediti verilib, bu da əhalinin mənzilə tələbatının artdığını göstərir:
“Bu mənada dövlət dəstəyi ipoteka faizlərinin bir hissəsini subsidiyalaşdırmağa imkan verir. Bu, vətəndaşların aylıq ödənişlərini azaldaraq mənzil almağı daha əlçatan edir. Daha çox vəsaitin Fondda toplanması, bankların ipoteka kreditləri vermə imkanlarını da artırır. Nəzərə alaq ki, faiz subsidiyası və dövlət zəmanəti, ev alanların riskini azaldır, xüsusilə də gəlirlərinin sabit olmadığı dövrdə”.
Müsahibimiz əminliklə qeyd edir ki, ev almaq istəyənlər üçün aşağı faizli kreditlər və dövlət zəmanəti mənzil alma imkanını artırır:
“Xüsusilə ilk mənzilini alan gənc ailələr üçün bu maddi yükün azaldılması və mənzil əldə etmənin daha əlçatan olması deməkdir. Sahibkarlar üçün isə faiz subsidiyası investisiya planlarının reallaşmasını sürətləndirir, iqtisadi fəaliyyət və məşğulluğa töhfə verir.
Yəni, 2026-cı ildə Fond üçün ayrılan 100 milyon manat vəsait həm əhalinin mənzilə çıxışını asanlaşdıracaq, həm də sahibkarlığın maliyyə imkanlarını genişləndirəcək. Qısaca desək, dövlət dəstəyi artımı ev almaq istəyənlərin və sahibkarların maliyyə risklərini azaltmaq və imkanlarını artırmaq üçün yeni fürsət yaradacaq”.
Surxay Atakişiyev, Bizim.Media



























































































