İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiq edilməsi ilə bağlı dəyişikliklərlə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, məlumatda deyilir:
“Qanunvericiliyə edilmiş növbəti dəyişikliklərdən biri də mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azadolmasının yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq edilməsi ilə bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
Vergi ödəyicilərinin siyahıya alınmış əmlakını vergi orqanları satacaq - DƏYİŞİKLİK
Məlum olduğu kimi, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin (fərdi sahibkarların) sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi mənfəət (gəlir) vergisindən azaddır.
“Kölgə iqtisadiyyatı”nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin güzəştin bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan və şəffaf şəkildə fəaliyyət göstərən vergi ödəyicilərinə şamil edilməsi nəzərdə tutulur.
Belə ki, vergi ödəyicilərinin fəaliyyəti üzrə uçot intizamının təmin olunması vergi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və malın (işin, xidmətin) təqdim olunması üzrə uçot intizamını pozan vergi ödəyicilərinə münasibətdə cəza tədbirləri sərtləşdirilir.
Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, uçot intizamını pozmaqla gəlirlərini gizlədən və vergidən yayınan vergi ödəyicilərinin belə güzəştlərdən istifadə etməsi intizamlı vergi ödəyicilərinə münasibətdə ədalətsiz rəqabət mühiti yaradır.
Bu səbəbdən həmin dəyişiklik son illər ərzində uçotun şəffaflaşdırılması ilə bağlı həyata keçirilən vergi siyasətinin ümumi prinsipləri baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Bizim.Media