“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bu il II Qarabağ İqtisadi Forumu keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin yığıncağında qərar qəbul edilib.
İctimai Birliyin sədri Xəyyam Əsgərov yığıncaqda çıxış edərək bildirib ki, ötən il keçirilmiş I Qarabağ İqtisadi Forumu ölkəmizdə, eyni zamanda, xaricdə, o cümlədən də KİV-də böyük maraqla qarşılanıb. Yerli və xarici mediada forum haqqında maraqlı və məzmunlu məqalələr dərc olunub, reportajlar hazırlanıb, sosial şəbəkələrdə geniş müzakirələr aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Türkiyə Enerji Forumunda 6 sənəd imzalanacaq - DETALLAR
2022-ci ildə də II Qarabağ İqtisadi Forumunun keçirilməsi zəruri hesab edilib.
Forumun tarixi, təşkilati işləri, müzakirə olunacaq məsələlər haqqında rəy və təkliflər növbəti yığıncaqlarda nəzərdən keçiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qurumun İdarə Heyətinin toplantısında o da vurğulanıb ki, “İMZA” xarici əlaqələrini bundan sonra da genişləndirmək niyyətindədir. Belə ki, tədricən xarici ölkələrdə nümayəndələr təyin olunacaq. İdarə Heyətinin qərarı ilə ilk xarici nümayəndə qardaş Türkiyədə fəaliyyət göstərəcək.
“İMZA”nın Türkiyə nümayəndəsi yekdilliklə qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç seçilib. O, müvafiq sənədləri imzalayıb. Qurumun sədri Xəyyam Əsgərov H.Kılıça İctimai Birliyin üzvlük vəsiqəsini təqdim edib.
Sonra “İMZA” İctimai Birliyinin 2022-ci il üçün nəzərdə tutulmuş digər planları, cari məsələləri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Bizim.Media