Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kənd təsərrüfatı ilinin yekunları, 2022-ci ildə həyata keçiriləcək tədbirlər, qarşıda duran vəzifələr və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sektor qarşısında qoyduğu tapşırıqların icrasına həsr olunmuş seminar keçirilib.
Seminarda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının nümayəndələri, struktur bölmələrinin rəhbərləri, ADAU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib.
Vüqar Hüseynov kənd təsərrüfatı sahəsində aparılan islahatların müsbət nəticələri ilə bağlı da fikirlərini bildirib.
Tədbirdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov dünyada su və torpaq resurslarının tükənməsi səbəbindən mövcud tələbatı ödəməkdə çətinliklər yaratdığını, buna görə də təbii ehtiyatlardan səmərəli istifadənin vacibliyini diqqətə çatdırıb.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə diqqəti qlobal ekoloji problemlərə yönəldib.
O çıxışında ölkə ərazisində səhralaşma prosesi, iqlim dəyişmələri və səhralaşma şəraitində ölkənin su ehtiyatlarından səmərəli istifadə etməklə quraqlığın aradan qaldırılması, respublikamızda eroziyaya uğramış torpaqların ekoloji problemləri məsələlərinə toxunub.
Tədbirdə işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunmasının vacibliyi də diqqətə çatdırılıb.
Bizim.Media