“Azərbaycanın yerüstü su ehtiyatlarının 30 faizi ölkə ərazisində, 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır. Su balansına əsasən, yerüstü su ehtiyatlarımızın həcmi 36 milyard kubmetrdir. Quraqlıq illərində bu rəqəm 22-24 milyard kubmetrə qədər azalır”.
Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkəmizdə təxminən 1,5 milyon hektar ərazi suvarılan torpaqlardır. Suvarılan torpaqların 77,5 faizini əkin torpaqları, 8,6 faizini bağlar, 13,9 faizini isə biçənək yerləri, örüş və həyətyanı sahələr təşkil edir:
MÖVZU İLƏ BAĞLI:
Aqrar Sığorta Fondundan fermerlərə MÜRACİƏT - SƏBƏB
“Yağıntıların az olduğu illərdə fermerlər suvarma ilə bağlı ciddi çətinliklərlə üzləşirlər, xüsusilə də əkin yerlərinin suvarılmasında ciddi probemlər yaranır. Bu isə bitkilərə düzgün aqrotexniki qulluq etməyə imkan vermir, nəticədə məhsuldarlıq aşağı düşür.
Son illər kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayırlar. Aparılan müşahidələrə görə, havanın orta temperaturu son illərdə 0,8-1,8 dərəcə artıb, atmosfer yağıntılarının miqdarı isə orta hesabla 8%-10% azalıb”.
Vüqar Hüseynov əkinçilikdə məhsul istehsalında maneə törədən amillərdən də söz açıb:
“Ölkəmizdə əkinçilik sahəsinin böyük qisminin, yəni payızlıq əkinlərin vegetasiya dövründə quraqlıq daha kəskin hal alır ki, bu da dəmyə əkinçilik ənənələrinə ciddi fəsad törətməklə yanaşı, daha çox məhsul istehsal etməyə mane olur . Bilirsiniz ki, iqlim dəyişmələri ilə əlaqədar Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. 33 ölkənin adı keçən siyahıda Azərbaycan 18-ci yerdədir. Mövcud vəziyyət torpaq və su resurslarının deqradasiyasına şərait yaradır”.
Nazirlik rəsmisi həmçinin bu problemlərdən çıxış yolu haqqında və müasir suvarma sistemlərinin əhəmiyyətliliyindən danışıb:
“Kənd təsərrüfatında müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi qaçılmazdır. Kənd Təsərrüfatı Nazirliyi bu məsələni daim diqqət mərkəzində saxlayır. Bilirsiniz ki, dövlət müasir suvarma sistemlərindən istifadəni stimullaşdırır, artıq təsərrüfatlarda quraşdırılan damcı sulama və digər müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir.
Eyni zamanda, fermerlər bu ildən suvarma sistemlərinin quraşdırılmasına görə ödənişləri “Fermer kartı”na köçürülmüş subsidiya məbləği hesabına nağdsız şəkildə ödəyə biləcəklər. Bu sahəyə dövlət dəstəyinin genişlənməsi nəticə etibarilə təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılmasına marağı artırıb”.
Şahnaz Əziz, Bizim.Media