Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
“Sevil” MMC-nin işini araşdırmasıyla bir çox naqisliklər ortaya çıxdı. Məlum
oldu ki, bu şirkət 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş
vergini dövlət büdcəsinə ödəməkdən yayınıb. Bəs, Vergilər Nazirliyi hara
baxırdı?
Bu sualla yazılarında Vergilər Nazirliyini açıq-aşkar müdafiə edən iqtisadçı ekspert Elçin Qurbanova müraciət etdik. İqtisadçının Moderator.az-ın suallarına cavabı isə xeyli maraqlı oldu. Onun fikirlərini təqdim edirik:
“Mən
heç bir zaman Vergilər Nazirliyinin şəffaf bir idarə olduğunu bildirməmişəm.
Əlbəttə, bu nazirliyin əməkdaşları arasında da naxələf insanlar ola bilər və
vardır. Sadəcə bunu bütün nazirliyə şamil olunmasıyla razılaşmıram. Fakt budur ki,
digər nazirliklə müqayisədə vergilər sistemimiz iqtisadi cinayətkarlığa qarşı
daha fəal mübarizə aparır.
Ümumiyyətlə bizim əsas problemimiz azad
sahibkarlığın inkişafına imkan verilməməsidir. Ölkədə baş alıb gedən
inhisarçılıq, korrupsiya və rüşvət halları hər sahədə olduğu kimi iqtisadi
inkişafımızın da önündə əsas əngələ çevrilib. Mənə elə gəlir ki, biz dövlət
olaraq elə bir iqtisadi mühit yaratmalıyıq ki, vətəndaşlar daha çox sahibkarlıq
sahəsinə maraq göstərsinlər, nəinki iş yerlərinin sayını artırmaq üçün
nazirliklərdə yaradılan yeni idarə və şöbələrə.
Bu günə qədər eşitməmişəm ki, ölkənin digər
nazirlikləri və o cümlədən, İqtisadiyyat və Sənaye nazirliyinin Antinhisar
siyasəti departamenti inhisarçılığa qarşı hansısa ciddi iradə nümayiş etdirsin,
Konstitusiyanın (mad.15) inhisarçılıqla bağlı imperativ tələbini rəhbər tutsun.
Əksinə bu sahədə geriləmə daha çox diqqəti cəlb edir. Son zamanlar Respublika
Prezidentinin korrupsiya ilə mübarizə çağırışlarına ən sədaqətli iradə nümayiş
etdirən qurum kimi yenə də Vergilər Nazirliyini misal gətirmək olar. Vergi
qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının elektron vergi
sistemi ilə təchiz edilməsi buna əyani misaldır. Hətta deyərdim ki,elektron
hökumət portalı ilk olaraq Vergilər Nazirliyinin fəaliyyətində öz əksini tapıb.
Bu da məmur - sahibkar münasibətlərini minimuma endirərək korrupsiya və rüşvət
üçün münbit şəraitin qarşısının alınmasında müəyyən qədər rol oynaya bilər.
Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklikləri nəzərə alsaq Partnyorluq
Sazişinin (bundan sonra VPS-red.) sahibkarlıq subyektlərinə əsassız müdaxilələrin
qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyacağına daha çox ümid etmək
mümkündür.
Əlbəttə ki, hələ qanunun mahiyyətini yaxşı
anlamayan vergi əməkdaşları və vergi ödəyiciləri var. Bəzi məlumatlara görə VPS
”“in vergi orqanı əməkdaşları tərəfindən məcburi xarakterizə edilməsi kimi
neqativ hallara da yol verilir. Ümid edirəm ki, bu sistemdə adaptasiya prosesi
gedir və o müsbət nəticə verəcək. Bildiyimə görə, nöqsanlara görə onlarla əməkdaş
vergi orqanlarında xidmətdən azad edilib. Amma belə nəzarətin və islahatların
İqtisadiyyat və Sənayə Nazirliyində baş verdiyini eşitməmişəm. Niyə siz heç
onlardan, gömrük sistemindəki neqativ hallardan yazmırsınız? Az-çox işləyən
qurum Vergilər Nazirliyidir, siz də ancaq onun üstünə gedirsiniz?



























































































