BP şirkətinin qlobal neft ehtiyatları hesabatında dünyadakı neft ehtiyatlarının cəmisi 1,7 trilyon barel olmaqla 53 ilə kifayət edəcəyi barədə yaydığı məlumat marağa səbəb olub.
Bəs görəsən Azərbaycanın neçə illik net ehtiyatı qalması barədə dəqiq hesablama varmı və biz neçə ildən sonra nefti ixrac edən ölkədən idxal edən ölkəyə çevriləcəyik?
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Moderator.az-a açıqlamasında deyir ki, narahat olmağa dəyməz və Azərbaycanın neft-qaz ehtiyatı 100 ildən çox müddətə yetərlidir....
“Bir sıra beynəlxalq qurumlar dünya ölkələrində neft ehtiyatları ilə bağlı müxtəlif versiyalar irəli sürür. Bu sahədə aparılan son hesablamaların birinə görə, bütün dünyadakı neft ehtiyatları 1 trilyon 637 milyard barrelə çatır ki, neft hasilatının hazırkı templəri şəraitində ən azı 2062-ci ilə qədər dünyada neft ehtiyatı var. Amma 2062-ci ilin özü də nisbi rəqəmdir, çünki bu sahədəki təsdiq edilmiş ehtiyatlar və proqnoz göstəriciləri ilbəil dəyişərək artması müşahidə olunur. Məsələn, BP şirkətinin 2013-cü il üçün hazırladığı qlobal neft ehtiyatları hesabatında göstərilir ki, dünya neft ehtiyatları təxminən 1,7 trilyon barrelə çatıb ki,bu da dünyada 53 il istifadə oluna biləcək qədər neft ehtiyatlarının mövcudluğu deməkdir.
Bu cür hesabatlarda Azərbaycan ən çox neft ehtiyatı olan ölkələr sırasındadır. Beynəlxalq səviyyədə açıqlamalarda göstərilir ki, Azərbaycanda təsdiq edilmiş neft ehtiyatlarına görə, neftlə ən zəngin 20 ölkə arasında 17-ci yeri tutur. Düzdür, Azərbaycanın sübut edilmiş neft ehtiyatları 2 mlrd ton və və qaz ehtiyatları 2,55 trilyon kub metrdir. Bundan əlavə ölkəmizin proqnozlaşdırılan neft ehtiyatları 2 mlrd ton və qaz-3,45 trilyon kub metrdir. Ona görə də əslində Azərbaycanın təsdiq olunmuş və hasil edilə biləcək karbohidrogen ehtiyatlarının həcmi 4,5 mlrd. ton şərti yanacaq təşkil edir ki, bu da 1 tonu 7,14 barrel nisbətində götürüb hesablama aparsaq,həmin sənədlərdə göstərildiyi kimi,14 milyard yox, 32 milyard bareldən çox etməklə, Azərbaycanı 12-ci yerə çıxarır. Azərbaycanın neft və qaz üzrə proqnoz ehtiyatları isə 10 milyard ton (4,5-5 milyard ton neft, 6 trilyon kub metr təbii qaz) səviyyəsindədir ki, bu da 100 ildən artıq bir dövr üçün yetərlidir.
Hazırda Azərbaycan İkinci Neft Bumu dövrünü yaşayır. Azəri-Çıraq-Günəşli yatağı üzrə neft hasilatı pik həddinə çatıb, sabitləşmə və tədricən enmə mərhələsinə keçib. Amma hələlik həmin yataqdan 400 milyon tonun altında neft hasil olunduğundan, yataqda hələ bundan qat-qat artıq neft var. Əvvəllər ARDNŞ hesablamışdı ki, AÇG-də 923 mln ton neft və 250 mlrd m3 qaz var. Rəsmi məlumatlara görə Azərbaycan geoloqları “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində yeni karbohidrogen yataqları aşkarlayıblar. AÇG kontrakt meydançasında onların həcmi 1 mlrd ton neft və 350 mlrd m3 qazdır. Ona görə də Azərbaycanın hətta bir əsas neft və bir qaz yatağının timsalında demək olar ki, ölkəmiz uzunmüddətli perspektiv üçün energetika təhlükəsizliyini təmin etmişdir. Amma Azərbaycanın ehtiyatları təkcə AÇG neft və Şahdəniz qaz yatağı ilə məhdudlaşmır.
Azərbaycan özünün enerji təhlükəsizliyi ilə yanaşı, Avropanın, Türkiyənin və Gürcüstanın da enerji təhlükəsizlinin təmin edilməsində mühüm rol oynayır. TANAP-ın işə düşməsindən sonra Azərbaycanın bu sahədəki önəmi daha da artacaq.
O ki, qaldı Azərbaycanın neft ixrac edən edən ölkədən- neft idxal edən ölkəyə çevrilməsinə, Azərbaycandakı hasilat hələ uzun müddət daxili tələbatı ödəməyə kifayət edəcək. Amma Azərbaycan xam neft hasil edən ölkədən neft məhsulları ishehsalını genişləndirən və xaricə həm də neft məhsulları satmaq siyasətinə keçmək istəsə, neft hasilatının istənilən səviyyəsində, istənilən vaxt xaricdən xam neft alıb emal edə bilər. Amma bu, neft ixrac edən ölkədən neft idxal edən ölkəyə çevrilmək yox, həm xam neft, həm də neft məhsulları ixrac edən ölkəyə çevrilmək demək olardı....
Neft- Azərbaycanın mühüm sərvəti, iqtisadiyyatımızın inkişafının təkanverici qüvvəsi olmaqla yanaşı, hazırda Azərbaycan neftdənkənar sahələrin inkişafına böyük önəm verməyə başlayıb. Eyni zamanda alternativ energetikanın inkişafı Azərbaycan üçün gələcək strategiya və ətraf mühitin qorunması və ekoloji tarazlığının təmin edilməsi baxımından da getdikcə aktuallaşır.”
























































































