Neftçala rayonunun Qaramanlı inzibati ərazi
dairəsinə aid, ümumilikdə 6500 sakini olan Astanlı, Qədimkənd, Qaralı,
Kürqarabucaq kəndlərində əhali pay torpaqlarından səmərəli istifadə edə bilmir.
Hal-hazırda cavabdehlərin məsuliyyətsiz fəaliyyəti nəticəsində 200 hektardan
çox ərazidə taxıl biçmək mümkün olmayıb.
Moderator.az bildirir ki, bu məlumatı infom.az-ın əməkdaşına Qaramanlı
kənd sakini Fərəcov Xalid Saday oğlu deyib. Onun sözlərinə görə kənd sakinlərinin
taxıl zəmilərini biçə bilməmələrinin başlıca səbəbi, 20 ildən artıqdir ki, direnaj
kollektorlarının qazılması nəticəsində qurunt sularının sahələrə dolması,
bitkinin mil kökünə ciddi ziyan dəyməsidir. Sözsüz ki, bu işlərin görülməməsinin məsuliyyətini Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan
Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov daşıyır.
Baş verənləri araşdırarkən Azər ismaylovu
tapıb mövqeyini öyrənə bilmədik. Tabeliyində olan şəxslər isə Azər müəllimin fəaliyyəti
barədə əməkdaşımıza maraqlı məlumatlar ötürdülər. Məlumatlara görə direnaj
kollektorların təmizlənməsi üçün hər il dövlət büdcəsindən ayrılan külli
miqdarda vəsait ünvana çatmır, müxtəlif yollarla işbazlar tərəfindən mənimsənilir.
Əməkdaşımız idarənin gördüyü işlərə dair
maliyyə əməliyatlarını əks etdirən bəzi sənədlər də əldə edib. Sənədlərdən
aydın olur ki, ayrılan vəsaitlər müxtəlif MMC-lər vasitəsi ilə saga-sola xərclənib.
Siyahıya yenə məhşur iş adamı Hacı Qurban Abbasov başçılıq edir. Onun “İlkin”
MMS-sinə 250.000 manatdan çox pul köçürülüb. Guya həmin şirkət ehtiyat hissələri
alaraq tabeliyində olan texnikaları təmir etdirib, daha sonra kollektor qazıb.
Digər əməliyyatlar "Elektro
Servis" MMC və "Samir A.Ə." MMC -lə aparılıb. Təxminən bu müəssisələrə
bir yerdə 230.000 manatdan çox pul ötürülüb. Nəticədə isə demək olar ki, heç
bir iş görülməyib. Əhali min bir əzab-əziyyətlə əkdiyi məhsulu yığa bilmir.
Digər şikayət də maraqlıdır. Yerli əhalinin
bildirdiyinə görə hal-hazırda Nefçalada 1 hekar əkin sahəsinin suvarılması üçün
10 manat pul tələb olunur. Bu işləri həyata keçirən yerli SİB (Sudan İstifadəedənlər
Birlyi) rəsmi sənədlərdə müstəqil qurum kimi görünsə də Neftçala Suvarma
Sistemləri İdarəsinın müdürü Elçin Əsədovun xeyir-duası ilə yaradılıb və onun
iradəsindən kənarda bir addım belə ata bilməz. Bu idarənin fəaliyyətində də ciddi
nöqsanlar var. Bu bəradə oxucuları daha sonra məlumatlandıracağıq. Hələlik isə qısa
şəkildə 2011 ci ildə Qaramanlı kəndində layihə dəyəri 2 milyon manat olan yeni
nasos stansiyasının quraşdırılmasının naməlum müəssisəyə həvalə edilməsindən
danışaq.
Məlumatlara əsasən adı naməlum olan həmin müəssisə
nasos stansiyalarını quraşdıraraq tələm-tələsik Neftçala Suvarma Sistemləri
İdarəsinə təhvil verib. Biz o dövrlərdə İnfom.az olaraq kənd sakinlərinin
verdikləri məlumatlara əsasən həmin lahiyənin icrasıyla yaxından maraqlanıb
görülən işləri araşdırdıq. Hətta təsbit etdik ki, təzə lahiyədə köhnə dəmir
borulardan istifadə olunur. Həmin dövrü əks etdirən fotolar arximizdə indi də durur.
Onu da təsbit etdik ki, smeta dəyəri 2 milyon
manat olan bu layihə sənəd üzərində 3 ilə yaxın bir zamanda qurulsa da əslində
ona cəmi bir dəfə sınaq üçün su vurulub. Qurğunun 1 km-lik hissəsində
nasazlıqlar aşkar olunub və bu günədək istismara yaralı hala salınmayıb.
Bir sözlə, Neftçalada ciddi narazlıqlar var və
hər an partlayş baş verə bilər.
P.S: Bu qəbildən olan məqalələri yazmaqda məqsədimiz
cəmiyyətdə baş verən neqativ halların aradan qaldırılmasında dövlətçilik
maraqlarımıza təmənnasız xidmət göstərməkdir. Ümüdvarıq ki. cavadeh şəxslər işlərinə
məsuliyyətlə yanaşarsa movcud nöqsanlar aradan qaldırıla bilər. Qısa zamanda ciddi
nəticələrin əldə olunması üçün hüquq mühafizə orqanları mətbutda gedən məlumatları
nəzarətə götürüb araşdırmalıdır. Əks halda yazılıb pozulanlar elə kağız üzərində
qalacaq.

































































































