İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, “ƏDV geri al” çox ölkədə mövcud deyil. Çünki bu, fərqli məqsədlərlə istifadə olunur.
Rəşad Həsənov özəl olaraq Bizim.Media-ya açıqlayıb ki, ölkələrin çoxunda əlavə dəyər vergisi diferensial tətbiq olunur.
Yəni, müəyyən prioritet sahələrdə 2 %, digərində 3, yaxud 15-18 faiz tamamilə diferensial ƏDV tətbiq olunduğuna görə, bəzən bunu təşviq üçün istifadə etmək olmur. Ekspertin sözlərinə görə, ƏDV-ni öncədən sahibkara yönəlik təşviq kimi istifadə edirlər. Bizdə isə...
MÖVZU İLƏ BAĞLI:
Xəstəxana xərclərinə görə də ƏDV qaytarılacaq - RƏSMİ
“Bizdə bu mexanizm dövriyyənin leqallaşmasını hədəfləyib. Çünki bu istiqamətdə uzun müddət davamlı olaraq müzakirələrdə bildirilirdi ki, burada vətəndaş da əsasdır. İstehlakçı prosesdə maraqlı olmadığı müddətcə təbii ki, sahibkarlar bunda maraqlı deyillər. Nəticədə sahibkarların öz fəaliyyətlərini leqallaşdırması istiqamətində hökumətin əlində konkret alət, təzyiq imkanı olmur. Bizdə “ƏDV cashback” mexanizmi qoyublar. Əslində bu nədir? Bir çox ölkələrdə bu verginin bir qisminin geri qaytarılmasıdır. XX əsrin 70-ci illərindən tətbiq olunur. Türkiyə isə bunu 90-larda tətbiq edib. Məsələ necədir?
Qarşı tərəf qəbzi tələb edir, buna görə onun alış-verişi məcburən rəsmiləşdirilir. Nəticədə dövlət öz məqsədinə nail olur. Bununla da prosesdə kütləvi iştirakçılığı təmin edir. Azərbaycanda hədəf budur. Azərbaycanda ƏDV-nin geri qaytarılmasında xarici rezidentlərə münasibətdə əvvəlcədən (6-7 ildir ki) tətbiq olunan bir mexanizmdir. Əsas məqsəd xarici rezidentlərin Azərbaycanda pul xərcləməsini artırmaq, iqtisadi dövriyyəni genişləndirmək idi”.
Amma son olaraq Vergi Məcəlləsində ƏDV-nin bir qisminin geri qaytarılması ilə (pərakəndə ticarət, iaşə müəssisələrində) bağlı qəbul edilən qərar leqallaşma hədəfli bir yanaşmadır:
“Mexanizmin özünün kifayət qədər nöqsanları vardır:
1. Bu, mikro, kiçik sahibkarlığı sıradan çıxardır. Yəni, sadəcə ƏDV-yə münasibətdə “cashback” mexanizminin tətbiqi son nəticədə sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edən mikro, kiçik sahibkarlıq subyektlərinin xidmət və təkliflərinə marağı aşağı salır. İstehlakı böyük şəbəkələrə yönəldir. Ona görə də bunun təkmilləşdirilməsinə ehtiyac var ki, ən azından mikro və kiçik sahibkarlar da geri qaytarma mexanizmindən yararlanma imkanı əldə etsinlər.
2. Təşviqedicilik səviyyəsidir. Bilirsiniz, nağdsız ödənişlərə 15 %, nağd ödənişlərə isə 10 faiz hesablanmış ƏDV-nin geri qaytarılması nəzərdə tutulur. Bu o qədər də böyük rəqəm deyil. Məsələn, min manatlıq dövriyyədə nağdsız olduqda 22, nağd olanda da təxminən 15 manat geri qaytarılma ilə nəticələnir. Bu da o deməkdir ki, ortastatistik Azərbaycan ailəsi istehlak səbəti aspektindən baxmış olsaq, təxminən 3 ayda pərakəndə ticarət və iaşədə 1000 AZN xərcləyəcək və bunun 15-22 manatını geri alacaq”.
Rəşad Həsənovun fikrincə, bu rəqəmlər o qədər də cəlbedici görünmür. Faizlərin artırılması isə kütlənin bu prosesdə iştirakçılığını daha da sürətləndirə bilər. Dolayısı ilə bu, hökumətin leqallaşma hədəflərinə çatmaq üçün də imkan yaradar.
Bəhs etdiyiniz leqallaşma həm də dövlət büdcəsinə pul daxilolmalarını artırır?
“Bəli. Təkcə o aspektdən baxmaq doğru deyil, amma bu gün hökumət təkcə o aspektdən baxır. Leqallaşma ancaq büdcə gəlirlərinin artırılmasına hədəflənməməlidir. Burda çoxlu digər yan maraqlar var. Hazırda Azərbaycanda əsas nəzərdə tutulan fiskal gəlirlərin qeyri-enerji mənbəyinin genişləndirilməsidir. Onun da başlıca istiqaməti, məhz leqallaşmadır. Çünki bizdə iqtisadiyyat o qədər də böyümür. İqtisadiyyatın böyüməsindən bu imkanları əldə etmək mümkün deyil. Ona görə də mövcud olanın qanuniləşdirilməsi səyləri artırılır”.
Belə başa düşdüm ki, əsas prioritet alıcının mənfəəti deyil?
“Xeyr, heç bir halda. Burda məqsəd o deyil. Alıcının mənfəətinə hədəflənmiş fərqli formada tətbiq olunan alətlər var:
• Uşaq qidalarının ƏDV-nin ləğvi
• Məktəbəqədər təhsilin vergidən azad olunması
• Taxılın ƏDV-dən azad edilməsi
Amma ƏDV-nin geri qaytarılması leqallaşmaya hədəflənib”.
Sonda qeyd edək ki, gələn ildən istehlakçılara qaytarılan ƏDV məbləğlərinin artırılması gözlənilir.
Bizim.Media