Bu gün Kəlbəcər rayonunun öz doğma sahibinə qayıtmasından 1 il keçir. Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik olan rayonlardan hesab olunur. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi.
Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib.
Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov özünün “Facebook” hesabından yazdığı statusda qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcər su təchizatı ilə təmin olundu
Belə ki, Kəlbəcər rayonunun işğaldan azad olunmasının 1-ci ildönümü ilə bağlı fikirlərini bölüşən deputat Kəlbəcər rayonunun iqtisadi potensialı haqqında məlumat verib:
“Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir”.
Deputat Kəlbəcərin kənd təsərrüfatı və turizm potensialını da qeyd edib:
“Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur”.
Vüqar Bayramov 30 ilə yaxın davam edən işğal dönəmində Kəlbəcərə vurulan ziyanı da qiymətləndirib:
“Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş tezliklə yenidən Kəlbəcərə qayıdacaq”.
Sonda isə, millət vəkili Allahdan bütün şəhidlərimizə rəhmət diləyib.
Murad Əhmədov, Bizim.Media