Standartları standartlara uymayan dövlət komitəsi

Hazırda oxunan: Standartları standartlara uymayan dövlət komitəsi

47468

Moderator.az-a müraciət edən bir neçə sahibkar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin onlardan sertifikatlaşdırma adı altında haqsız ödəmə tələb etdiklərini bildirirlər. Onların dediklərinə görə pərakəndə satış obyektlərində satılan mallardan sertifikat tələb olunmasında əksər hallarda qanunvericiliyin tələbləri pozulur.  Belə ki, qanunvericilikdə yalnız idxal və istehsal olunmuş malların sertifikatlaşdırılması nəzərdə tutulur. Onlar isə nə istehsal, nə də idxal edən tərəfdirlər və satdıqları malları əsasən topdansatış bazalarından alırlar. Dolayısıyla, pərakəndə satış obyektlərində satılan əksər malların istehlaka yararlılığı haqqında heç bir sənəd olmur. Bu cür sertifikatları malları idxal, yaxud istehsal edən obyektlər almaldır və alırlar da. Maraqlıdır ki, ticarət obyektlərinə ödəniş üçün verilən qəbz də belə açıq şəkildə bu sənədin idxal və istehsal olunan mallara verildiyi yazılır.

Sertifikatın eyni anda bütün satış obyektlərindən tələb olunması sahibkarların heç cür baş aça bilmədikləri məsələlərdəndir. Çünki bir malın istehlaka yararlılığı yalnız bir dəfə yoxlanıla və bununla bağlı müvafiq sənəd verilə bilər. Eyni malın bütün satış obyektlərində sertifikatlaşdırılmasının isə heç bir məntiqi açıqlaması yoxdur. Üstəlik, bu malların istehlaka yararlı olub olmadığı belə yoxlanılmır. Sadəcə pul tələb olunur və pul ödənildikdən sonra sahibkarlara qəbz verilir. Sahibkarlar bir malın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə “haqq verildikdən” sonra niyə yararlı olduğunu isə anlaya bilmirlər.

Onları narahat edən digər məsələ isə mala verilən sənədin onun özündən baha olmasıdır Sahibkarlar bu ödənişi ödədikdən sonra nəinki o malların satışından heç nə qazana bilmirlər, əksinə zərərə uğrayırlar. Şikayətçilərdən biri deyir: “Məsələn, satış yerlərində bir unitazın qiyməti 60 manatdır. Sertifikat üçün isə 130 manat pul tələb olunur. Biz faktiki olaraq bir unitaz üçün 2 unitazın pulunu verib onun alverini etməliyik. Bir unitazdan qazandığımız isə qəpik-quruşla ölçülə bilər. Üstəlik, bu cür mallara tələbat da sən deyən çox deyil. Belə vəziyyətdə həmin malın satılmasından imtina etməkdən başqa çarəmiz qalmır. Bunu isə edə bilmirik. Çünki bütün ticarət obyektləri bir-biriylə rəqabət halındadırlar. Rəqabət edə bilmək, alıcıların diqqətini cəlb etmək üçün malların çeşitlərini artırmağa məhkumuq. Bizim bu vəziyyətimizdən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yararlanır”.

Şikayətçilərin dilə gətirdikləri əsas məqamlardan biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsərrüfat hesablı idarə olması ilə bağlıdır. Istehlaka yararlılığı ölçən bir idarənin bu xüsusiyyəti istər-istəməz onun işçilərini daha çox qazanc əldə etməyə təşviq edir. Onların həm qanunsuz üsullara əl atmalarına, həm də yararlı olmayan mallara belə sertifikat vermələrinə yol açır. Nəticədə yalnız satıcıların haqqı pozulmur. Eyni zamanda istehlakçılar da zərərə uğrayırlar. Zira belə vəziyyətlərdə sertifikatlar malların keyfiyyəti üçün yox, komitənin büdcəsini doldurmaq məqsədiylə verilir.

Əməkdaşımızın məsələ ilə bağlı mövqeyini öyrəndiyi iqtisadi-ekspert Elçin Qubanov bu haqda əlində konkret məlumatın olmadığı desə də, sahibkarların dilə gətirdiyi faktları təkzib də etmədi. Onun bildirdiyinə görə, bənzər şikayətlər və informasiyalar onun da qulağına çatıb: “Əgər doğrudan da bu faktlar varsa, deməli, qanunvericiliyin bir sıra müddəaları pozulur. Xüsusilə də “Sahibkarların hüquqlarının qorunması, sahibkarlıq subyektlərində yoxlamaların aparılmasının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Qanunu"nun tələbləri. Qanunun tələblərini həyata keçirən Ədliyyə Nazirliyinin müvafiq qurumları bu şikayətləri nəzərə alıb dərhal hərəkətə keçməli, qanunsuz yoxlamaların qarşısını almalıdır. Əks halda bu sahədə fəaliyyətin yetərsizliyi ölkə iqtisadiyyatının inkişafına ciddi zərər vura bilər, sahibkarı dövlətdən küsdürər, investorların xaricə qaçmasına şərait yaradar. Bu isə əmək bazarı olan sahibkarlıq fəaliyyətinin süqutu deməkdir.”

Mövqeyini işıqlandırmaq üçün gün ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qaynar xəttinə etdiyimiz zənglərə cavab verən olmadı. Redaksiya olaraq onların da məsələylə bağlı münasibətini dərc etməyə hazırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin