Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumunun (İBF- İnternational Business Forum) məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov noyabrın 13-də Bakıda təşkil olunacaq 25-ci Beynəlxalq Biznes Forumla bağlı keçirdiyi mətbuat konfransında deyib.
Tədbirdə İBF-nin prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) qurucu rəhbəri Erol Yarar və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forumla bağlı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar.
Qeyd olunub ki, Beynəlxalq Biznes Forumunun Bakıda keçirilməsi ilə bağlı bu ilin iyulunda KOBİA və İBF arasında anlaşma memorandumu imzalanıb.
Forum İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, KOBİA, MUSİAD və İBF-nin təşkilatçılığı ilə keçirilir. Forum “Azərbaycan: Asiyanın incisi” şüarı ilə təşkil olunur.
Forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri iştirak edəcək.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Slovakiya biznes forumu keçirildi
Noyabrın 15-də Bakı Konqres Mərkəzində baş tutacaq açılış mərasimində Azərbaycana investisiya qoyuluşu imkanlarına, xüsusilə də ölkəmizin kənd təsərrüfatı, sənaye, turizm sahələrində və Qarabağın investisiya potensialı, dövlət-özəl sektor tərəfdaşlığına (PPP) dair panellər, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.
Forum çərçivəsində, həmçinin iş adamları Bakıda və ölkə regionlarında bir sıra istehsal müəssisələrində iş prosesi ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar. Noyabrın 17-dək davam edəcək forumda ümumilikdə 500-ə yaxın xarici investor və iş adamının iştirakı nəzərdə tutulur.
Bizim.Media