Sığorta xidməti sahəsində istehlakçıların hüquqları pozulur. Səbəbi isə qanunvericilik aktlarında boşluqların olmasıdır. Buna görə də icbari həyat sığorta xidmətləri ilə bağlı sui-istifadə hallarına yol verilir. Belə ki, işçini mülki müqavilə ilə işəgötürən şirkətlər və müəssisələr işçilərini sığortaladığı halda əməkdaşlarına zəruri vəziyyətdə kompensasiya ala bilmirlər.
Bu faktları redaksiyamıza Azad İstehlakçılar İctimai Birliyinin icbari sığorta üzrə mütəxəssisi İlkin İbrahimov danışıb. İlkin İbrahimovun faktlarından danışmazdan öncə bu sahədə mövcud olan qanuna nəzər salaq.
Qanun belə deyir:
İstehsalatda bədbəxt hadisə olarsa və peşə xəstəlikləri nəticəsində şəxs əmək qabiliyyətini itirərsə, subyekt birmənalı olaraq icbari sığorta olunmalıdır.
Qanuna əsasən hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də Əmək Məcəlləsinə uyğun olaraq sığortlanmalıdır.
Həmçinin, Mülki Məcəlləyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslərin də həyatı icbari sığorta müqaviləsi üzrə sığortalanmalıdırlar.
İndi isə İlkin İbrahimovun faktlarına nəzər salaq.
O bildirir ki, son vaxtlar bu növ sığorta şəhadətnamələri ilə sığortalanan bəzi vətəndaşlara sığorta şirkətləri tərəfindən “İmtina” məktubları gəlməkdədir.
Belə bir imtina məktubu 7 saylı “Magistral Yolların İstismarı” MMC – nin keçmiş əməkdaşı Vüsal Babazadənin ailəsinə gəlib:
Magistral Yolların İstismarı” MMC ilə “Qala Həyat” ASC arasında 2017 ci il aprel ayının 14-də Vüsal Babazadənin həyatı ilə bağlı icbari sığorta müqaviləsi bağlanıb.
Vüsal Babazadə mülki-hüquqi müqavilə əsasında işləyirmiş. Onun həyatı 52 098 (əlli iki min doxsan səkkiz) manat məbləğində sığortalanıb. İşçi 2019-cu il aprel ayınn 1-də 7 saylı “Magistral Yolların İstismarı” MMC-yə məxsus zavodda baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bundan sonra şəxsin hüquqi varisləri “Qala həyat” sığorta şirkətinə “Sığorta kompensasiyası” üçün müraciət etmiş , lakin “İmtina” cavabı alıb.
İşçinin həyatı sığortalandığı halda niyə ödəniş olunmayıb?
Sığorta şirkəti deyir ki, bu növ icbari sığortaya nəzarət və lazım olan “iz arayışı” Dövlət Əmək Müfəttişliyi Xidməti verir. Onlara müraciət olunanda isə bildirir ki, AR Əmək Məcəlləsinin 6-cı maddəsinin “D” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu məcəllə şamil edilmir.
Ona görə də Vüsal Şaddıq oğlu Babazadənin yaşamış olmuş hadisə də Dövlət Əmək Müfəttişliyi tərəfindən təsdiq edilməyib.
İlkin İbrahimov deyir ki, elə qanunsuzluğa da burada yol verirlər. Necə olur sığorta yığımı üçün işəgötürənə təziqlər edirlər. Ödənişə gəldikdə isə bizlik deyil deyirlər.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən Bizim.Media-ya bildirildi ki, mülki hüquqi müqavilə əsasında işlər icra edən və xidmətlər göstərən şəxslər əmək münasibətlərində olmurlar:
- Onlar mülki hüquqi müqavilə əsasında Sifarişçi və İcraçı arasında götürülmüş öhdəliklərin yerinə yetirilməsini həyata keçirirlər. Bununla bağlı mülki müqavilənin tərəfləri arasında olan mübahisələr əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla deyil, mülki münasibətləri tənzimləyən qanunvericilik aktları əsasında, eləcə də məhkəmə qaydasında həll edilir.
Məsələ yenə də açıq qalır, bəs onda zərər çəkmiş əməkçilərin ödənişini kim edəcək?Doğurdanmı bütün çanaqlar sadə insanların başında çatlamalıdır?
Gülşanə Mustafayeva, Bizim.Media