Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? - SİYAHI

Hazırda oxunan: Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? - SİYAHI

45451

Azərbaycanda bahalaşma bütün sahələrdə özünü göstərir. Qiymətlərin yüksəlməsi mənzil, avtomabil bazarlarında aktivliyə ciddi təsir edib.

Sual yaranır – Bəs belə bir durumda ölkə əhalisi daha çox nəyə pul xərcləyir? 

Bizim.Media mövzunu Dövlət Statistika Komitəsinin təqdim etdiyi 2021-ci ilin yanvar-sentyabr aylarının makroiqtisadi göstəricilərinə əsasən araşdırıb.

Göstəricilərə əsasən, bu ilin geridə qalan dövründə (yanvar-sentyabr aylarında) hər birimiz orta hesabla ayda 403 manat 70 qəpiyi satılmış mal və göstərilmiş xidmətlərə sərf etmişik.  Bu istqamətdə xərclərimiz keçən ilin 9 ayı ilə müqayisədə 30 manat 20 qəpik çox olub. Ümumilikdə əhaliyə 36,4 milyard manatlıq məhsul satılıb və xidmət göstərilib. 

Pərakəndə ticarət şəbəkəsində 30 milyard 350 milyon manatlıq məhsul satılıb.
 

Göstəriciyə görə, bir nəfər hər ay 336 manat 80 qəpiklik məhsul alıb. Bunun üçün ötən illə müqayisədə hər ay xərcimiz 24 manat 20 qəpik çox olub. 


Bir ölkə sakini orta hesabla ayda 182 manat 10 qəpiklik ərzaq məhsulu, içki və tütün məmulatları alıb. Qeyri ərzaq məhsulları üçün 154 manat 70 qəpik xərcləmişik.

Xərclədiyimiz vəsaitin 54,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 5,5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
 

Əslində Azərbaycanda daha çox ərzaq məhsullarına pul xərcləndiyi Statistika Komitəsinin məlumatları olmadan da bəllidir.


Nəzərə alsaq ki, ölkədə orta aylıq nominal əmək haqqı 725 manat, 60 qəpikdir və bir ailədə hər kəs maaş almır, demək olar ki, gündəlik təlabat malları orta səviyyədə yaşayan azərbaycanlının xərclərinin əsas hissəsini təşkil edir. Kommunal,  nəqliyyat xərcləri də əlavə edildikdə, bu faiz daha da yüksəlir. 

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda heç də bütün ailələr istirahət, səyahət üçün ailə büdcəsindən pul ayıra bilmir.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin