Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydaları müəyyənləşib.
Bizim.Media-nın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası aeroportlarının (hava limanlarının) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında (bundan sonra - VIP salonları) VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin qarşılanması və yola salınması üçün yüksək səviyyədə xidmətin göstərilməsi təmin edilir.
Beynəlxalq aeroport statusuna malik olan Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) VİP salonları həmin aeroportlarda dövlət sərhədindən buraxılış məntəqələrinin xüsusiləşdirilmiş hissəsi hesab olunur.
VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin bu salonlarda qarşılanması və yola salınması “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin edilir.
VİP salonlarında göstərilən xidmətlərin keyfiyyətinə və VİP salonlarından istifadə qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir.
VİP salonlarında ödənişsiz əsaslarla xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ayrılmış vəsait hesabına həyata keçirilir.
Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
Bizim.Media