Nəhayət ki, ABŞ Senatı ölkənin defolta getməsinin qarşısını alacaq qanun layihəsini qəbul edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Senat dövlət borc tavanının 480 milyard dollara qədər artırılmasına səs verib.
Layihənin lehinə 50, əleyhinə 48 senator səs verib. Sənəd dekabrın 3 -dək, Respublikaçı və Demokratlar arasında danışıqların gedəcəyi müddətdə dövət borcu limitinin dondurulmasına imkan verir.
Nümayəndələr Palatasının sözcüsü Nensi Pelosi, palatanı tətildən geri çağırmağa hazır olduğunu və konqresmenlərin qanun layihəsini qəbul etmək üçün gələn həftə Vaşinqtona gələ biləcəklərini deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden isə daha əvvəl Konqresin hər iki palatası tərəfindən təsdiqlənən kimi sənədi imzalayacağını bildirmişdi.
Qanun qəbul olunarsa, bu ABŞ-ı ölkənin ilk milli borc defoltunun qarşısını almağa imkan verəcək. Ölkənin milli borc limiti isə 28,9 trilyon dollara qədər artacaq.
Əks halda isə oktyabrın 18-dən sonra ölkənin büdcə resursları tamamilə tükənmək təhlükəsi ilə üz-üzədir. Maliyyə naziri Cenet Yelen daha əvvəl bununla bağlı ABŞ Konqresini xəbərdar edib.
Xatirə, Bizim.Media