Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak məqsədilə Türkiyədə səfərdədir.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində R. Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və sabiq Baş nazir, Ədalət və İnkişaf Partiyasının vitse-prezidenti Binəli Yıldırımla görüşüb.
Görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi haqqında fikir mübadiləsi aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi – FOTO
R. Nəbiyev 12-ci Nəqliyyat və Rabitə Şurasının “Logistika, Mobillik və Rəqəmsallaşma” mövzusunda Nazirlər Toplantısında iştirak edib.
Toplantıda qlobal inkişafı dəstəkləmək üçün nəqliyyat və rabitə üzrə sərmayələrin qoyulması, rəqəmsallaşdırma yolu ilə nəqliyyat və logistika sistemlərindən səmərəli istifadə, dayanıqlı nəqliyyat sisteminin qurulması, müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi mövzuları müzakirə predmeti olub.
Qeyd edilib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar bütün çətinliklərə baxmayaraq Şərq-Qərb dəhlizi ilə 8,4 milyon ton yük daşınıb.
Dünya İqtisadi Forumunun məlumatına görə, bu addımlar sayəsində Azərbaycan hazırda yolların keyfiyyətinə görə dünyada 27-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə isə 12-ci yerdədir.
Əlavə edilib ki, 2017-ci ilin oktyabr ayında Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi.
İllik 6,5 milyon ton yükdaşıma qabiliyyətinə malik olan dəmir yolu, Çin ilə Cənub-Şərqi Avropa arasında daşınma müddətini 70% azaltmağa imkan verir.
“Azərbaycan erməni işğalından azad etdiyi Qarabağda kütləvi yenidənqurma işlərinə başlayıb. Nəqliyyat infrastrukturunun bərpası və dəmir yolu dəhlizlərinin yenidən qurulması nəinki Cənubi Qafqazda dəmir yolu şəbəkəsinin inteqrasiyasını genişləndirəcək, həm də Qərbi Çindən Türkiyənin Mersin limanına ən qısa yolu təmin edəcək”, - deyə vurğulanıb.
Bizim.Media