Azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus Rusiyanın LUKOIL neft şirkəti BP-dən Xəzər dənizinin Azərbaycan sektorundakı Shallow Water Absheron Peninsula (SWAP) kəşfiyyat layihəsinin 25% -lik hissəsinin alınması barədə müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ingilis şirkəti yayıb.
Mənbə bildirir ki, müqavilənin Azərbaycan hökumətindən təsdiq aldıqdan sonra 2021-ci ilin dördüncü rübündə bağlanması gözlənilir. Müqavilə bağlandıqdan sonra BP 25% paya malik olaraq layihə operatoru kimi qalacaq. Layihənin üçüncü iştirakçısı 50% payla Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).
MÖVZU İLƏ BAĞLI:
Vahid Ələkbərovdan neftin qiymətləri ilə bağlı AÇIQLAMA
"BP və SOCAR ilə birgə layihəyə girmək enerji sektorunda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində Rusiya və Azərbaycanın milli maraqlarına cavab verir. Əminəm ki, iştirakçı tərəfdaşların toplanmış elmi və texniki potensialı inkişafa əlavə təkan verəcək”. "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov belə deyib.
Qeyd edək ki, SWAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının cənubundakı dayaz sularda həyata keçirilir.
Layihə BP ilə SOCAR arasında 2014-cü ilin dekabrında imzalanıb. 2016-cı ildə 3D seysmik kəşfiyyat proqramı həyata keçirilib və nəticələrinə görə üç perspektivli sahə müəyyən edilib.
Dənizdə sahələrin dərinliyi 40 metrdən çox deyil.
Bizim.Media