Əli Məsimli Mərkəzi Banka tövsiyyələr verdi

Hazırda oxunan: Əli Məsimli Mərkəzi Banka tövsiyyələr verdi

39144

 Parlamentin payız sessiyasının sonuncu iclasında deputalar banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsiylə bağlı qanun layihəsinə səs verdilər. Xatırladaq ki, hökumətin bank siyasətindən həm kredit məngənəsində boğulan əhali, həm də iqisadçı ekspertlər narazıdır.  Ekspertlər də etiraf edir ki, bank faizləri olduqca yüksəkdir. Banklarsa bunu belə əsaslandırırlar ki, faizlərin yüksək olması qaytarılmayan kreditlərlə bağlıdır və bununla riskləri sığortalamış olurlar. Ancaq maraqlı bir məqam da var ki, depozitlərə verilən kreditlərdən ən azı 2,5 dəfə az faiz ödənilir, üstəlik hələ ondan gəlir vergisi tutulur, nəticədə banka pul qoyan əmanətçi etdiyinə peşman olur. Vətəndaş  bu cür anormal bank siyasətini lənətləyir ki, niyə depozitləri heç olmasa 12-14 faizlə götürmürlər? Üstəlik, yalnız  o depozitləri sığortalayırlar ki, onu 10 faizlə qoyasan. Bu qədər vətəndaşın cibinə girmək olarmı?

İqtisadi və Siyasi İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli də etiraf edir ki, hökumətin bank siyasəti mükəmməl deyil və bu sahədə görüləsi çox işlər var. O Moderator.az-a bu dəfəki açıqlamasında bu sahədəki mövcud durumu şərh edib:

“Milli  Məclisin tribunasından səsləndirilən fikirlər, o cümlədən  bizim bank faiz dərəcələrinin aşağı salınması barədə irəli sürdüyümüz təkliflərimiz də aidyyatı qurumlara çatır və bu  təşkilatların rəhbərləri və ya  aparıcı  şəxsləri bir qayda olaraq həmin məsələlərə  münasibət bildirir. Bizə verilən cavablara görə, sözügedən istiqamətlərdə- faiz dərəcələri və «Əmanətlərin sığortalanması haqqında» Qanunda müvafiq dəyişikliklər etməklə, kompensasiya məbləğinin 30 min manatdan yüksəyə qaldırılması sahəsində iş gedir və nəticəsini yeni ildə açiqlayacaqlar”¦.

         Maliyyə, kredit, bank sistemi ilk baxışdan sadə görünsə də çox mürəkkəb konstruksiya olduğundan biz bu sahədəki təkliflərimizi adətən kompleks halında təqdim edirik. Məsələyə  kompleks şəkildə yanaşanda Azərbaycanda  bank faiz dərəcələrinin aşağı salınmasının bir yolu da məhz depozitlərə görə  faizlərin tədricən aşağı salınmasının işlək mexanizminin tapılmasıdır.

        Azərbaycan iqtisadiyyatının, xüsusən də neftdənkənar sahələrdə artımın keyfiyyətinin yüksəldilməsi xeyli dərəcədə ölkədə ədalətli faiz siyasətinin həyata keçirilməsindən asılıdır. Ona görə də dövlətin  bu sahədə vəziyyətin normallaşdırılması işinin sürətləndirilməsinə təsir göstərməsini zəruri hesab edirik. Hazırkı şəraitdə kommersiya banklarının əhaliyə və sahibkarlara verdiyi kreditlərin  faiz dərəcəsini  aşağı salmaqdan, ümumiyyətlə kreditləri tədricən ucuzlaşdırmaqdan, eləcə də əmanətçilərin hüquqlarının qorunmasının etibarlılığını artırmaqdan ötrü bizim baxışımız belədir və aidiyyatı qurumlar bunu çoxdan bilirlər:

 

1. Azərbaycanda faiz dərəcələrinin aşağı düşməsinə təsir göstərə bilən  pul-kredit siyasətinin  həyata keçirilməsi. Bank sektorunda sivil bazar münasibətlərinin tələbləri əsasında sərbəst fəaliyyətin təmin edilməsi, rəqabət mühitinin  formalaşmasına xidmət edən tədbirlər kompleksinin həyata keçirilməsi

2. Mərkəzi Bankın  kommersiya banklarına ayırdığı mərkəzi kreditləşmənin artırılması və  eyni zamanda müxtəlif tənzimləmə alətləri vasitəsi ilə kommersiya banklarının kreditə olan tələbatlarının səviyyəsinə təsir göstərməsi

3. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərə görə uçot dərəcəsinin aşağı salınması

 

4. Ölkədə mövcud kredit faizlərinin reallıqdan daha yüksək olmasının qarşısını almaqdan ötrü Mərkəzi Bank tərəfindən istehlak kreditlərinin faiz dərəcələrinin əsaslandırılması üzrə tələblər hazırlanıb həyata keçirilməsi

 

5. Bankların texniki və digər, o cümlədən bəzi hallarda isə lüzumsuz  xərclərinin  azaldılması

6. Mövcud maliyyə resurslarınından istifadənin səmərəliliyinin artırılması

7. Azərbaycanda strateji valyuta ehtiyatları 50 milyard ABŞ dolları səviyyəsindədir.Onun 1-2 milyard manatını aşağı  faizlə özəl kommersiya bankları (“Aqrar-Sənaye Bankı” və “İnnovasiyalı İnkişaf Bankı” kimi iki bank da yaratmaq olar) vasitəsilə perspektivli istehsal sahələrinə  yönəldilməsi. Ölkədə güclü Aqrar-Sənaye Bankının yaradılması və onun ucuz kredit resursları ilə təmin edilərək kənd təsərrüfatına və onunla bağlı sahələrə, eləcə də İnnovasiyalı İnkişaf Bankı yaratmaq vasitəsilə innovasiyalı, daha çox əlavə dəyər yaradan, rəqabət qabiliyyətli inkiaşaf sahələrinə aşağı faizli kreditlərin verilməsi

8. Kreditlərin sığorta fondunun yaradılması

9. Son dövrlər Azərbaycanda bankların nizamnamə kapitalının 50 milyon manata qaldırılması istiqamətində görülən işlərlə  əlaqədar bir sıra bankların çətin vəziyyətə düşməsi ehtimalının güclənməsi müştərilərin və potensial müştərilərin narahatlığını  artırıb. “Royalbank”ın lisenziyası ləğv edildikdən sonra bankdakı əmanətlərin xeyli hissəsinin taleyinin hələ də məlum olmaması nümunəsi əmanətçilərdə  narahatlıq yaradıb.Ona görə də Azərbaycanda əmanətlərin qorunması ilə bağlı ən mübahisəli məsələ sığortalanan əmanətin maksimal həcminin 30 min manatdan və faiz dərəcəsi 10 faiz həddindən yuxarı olan əmanətlərin  batmasına görə nə həmin günahkar bankın, nə də Əmanətlərin Sığortalanması Fondu vasitəsilə Mərkəzi Bankın məsuliyyət daşımamasıdır. Bununla əlaqədar olaraq «Əmanətlərin sığortalanması haqqında» Qanunda müvafiq dəyişikliklər etməklə, kompensasiya məbləğinin 30 min manatdan 50 min manata çatdırılması və  kompensasiya olunacaq əmanətin faiz dərcəsini tədricən 10 faizdən aşağıya doğru endirilməsi  üçün stimul yaradılması daha məqbul variant olardı.Yüksək faiz dərəcəsi ilə qoyulan əmanətlərə görə isə risklər əmanəti həmin yüksək faizlə qəbul edən bankla(bankın əmlakı, aktivləri və sair) əmanətçi (əmanətçinin  alacağı faiz) arasında bölüşdürülməsi və bu şərtin müqavilədə müvafiq sənədlərdə öz əksini tapması variantı tətbiq edilə bilər.

 

10. Əmanət bazarının öyrənilməsinə və  banklar tərəfindən müştərilərinin hüquqlarının qorunmasına diqqətin artırması, əhalinin maliyyə sahəsi üzrə biliklərinin azlığında sui-istifadə edilməsinin qarşısını almaq və onlara təqdim olunan kreditlər üzrə real faiz dərəcələrini tam və şəffaf əsaslandırılmasına nail olunması və sair.

11.Fiziki şəxslərin əmanətlərinə görə ödənilən faizdən gəlir vergisi tutulmaması məsələsinin ya birdəfəlik həll edilməsi, ya da ki, məsələn, yeridilən siyasətdən asılı olaraq 5 ildən bir yenidən baxılması daha münasib olar.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimumuna tətbiq olunan tələb 10 milyon manatdan 50 milyon manata qaldırılacaq. Mərkəzi Bank hesab edir ki, bu addım ölkə banklarının kapital bazasının gücləndirilməsi, onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi, bank sektoruna olan etimadın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Fikrimizcə bu addım həm də ölkədə bahalı kredit siyasətindən orta faizli kredit siyasətinə keçidlə müşayət olunmalıdır. Maksimalizmə varmadan, real situasiyanı obyektiv dəyərləndirməklə belə bir qənaətə gəlmək olar ki, həmin sadalanan  tədbirlərin kompleks və sistemli şəkildə həyata keçirilməsi orta perspektivdə kommersiya banklarında əvvəlcə faiz dərəcələrinin bir neçə faiz azalmasına, sonra isə postsovet məkanın orta faiz göstəricisinə yaxınlaşmasına imkan verər. Faiz dərəcələrini oturuşmuş bazar iqtisadiyyatlı ölkələrin səviyyəsinə endirməkdən ötrü isə maliyyə-bank sistemində sivil bazar münasibətlərinin tələblərinə cavab verən səviyyədə köklü islahatların həyata keçirilməsinə və sağlam rəqabət mühitinin formalaşdırılmasına  ehtiyac var.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin