“Azərbaycanda qiymətlərin ucuzlaşması gözlənilmir. Bazardakı durum bu cür də davam edəcək. Bir neçə ildən sonra indi sıradan çıxarılan 3-5 qəpikləri 1 və 5 manatlar əvəzləyəcək. Yəni, yavaş-yavaş inflyasiya güclənəcək”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli ərzaq məhsullarının bahalaşması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
İranla ticari dövriyyəmizdə kəskin AZALMA baş verdi - SƏBƏB
O, bir müddət sonra yalnız ərzaq məhsullarının deyil, digər mal və xidmətlərin də bahalaşacağını istisna etməyib:
“Yağ, süd və süd məhsulları, kolbasa, eləcə də digər ərzaq mallarının qiymətlərinin qalxması xaricdən idxal olunduğuna görə bahalaşır. Çünki kənd təsərrüfatı məhsullarının 60 faizi xaricdən idxal olunur. Xaricdən gətirilən məhsullar da sözsüz ki, baha qiymətə gəlir. Bu da ərzaq bazarında qiymətlərin artımına səbəb olan amillərdəndir.
Bu işdə gömrük xidmətinin rolu var, anlaşılmaz rüsumlar və korrupsiya buna şərait yaradır. Təcili tədbirlər görülməsə, eyni zamanda daxili istehsal gücləndirilməsə, bahalaşmanın qarşısını almaq mümkün olmayacaq.
Qeyd edək ki, hökumət qarşıdakı illərdə inflyasiyanın səviyyəsinin aşağı düşəcəyini proqnozlaşdırır.
Rəsmi məlumatlara görə bu ilin sonuna 4,9 faizlik inflyasiya proqnozlaşdırılsa da, növbəti illərdə azalan temp götürülür. 2022-ci ildə 3,6 faiz, 2023 və 2024-cü illərdə 3,3 faiz, 2025-ci ildə 3,2 faizlik inflyasiya gözlənilir.
Alçina Amilqızı, Bizim.Media