"Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021" adlı müstəqil hesabatın növbəti nəşri təqdim edilib. 150-yə yaxın yüksək vəzifəli xarici biznes nümayəndələri və beynəlxalq qurumların da qatıldığı tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, son 15 ay ərzində 5 mindən çox kiçik və orta biznes tərəfindən 1 mlrd. manat dəyərində kredit müraciətləri daxil olub.
Bizim.Media xəbər verir ki, nazir əlavə edib ki, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" konsepsiyası çərçivəsində hazırlanan beşillik strateji planın ilin sonunadək qəbul olunacağı gözlənilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində "yaşıl enerji"nin yaradılması və inkişafına dair layihələrdən bir neçəsi artıq təsdiqlənib.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Fərid İsayev isə bildirib ki, xarici investorlar, xüsusən də alman şirkətləri Qarabağ və Şərqi Zəngəzurun inkişafında iştirak etmək niyyətindədirlər.
Qeyd edək ki, tədbir ictimai-özəl dialoqu gücləndirməklə şirkətlərin üzləşdiyi çətinlikləri müzakirə etmək və təklifləri təşviq etmək məqsədi daşıyır.
Bizim.Media