Əli Məsimli: “Satışa çıxarılan bezinin qiyməti maya dəyərindən iki dəfə bahadır”

Hazırda oxunan: Əli Məsimli: “Satışa çıxarılan bezinin qiyməti maya dəyərindən iki dəfə bahadır”

37775

 İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli cəmiyyəti şoka salan qiymət artımlarıyla bağlı  Moderator.az saytının suallarını cavablandırıb.

 -Əli müəllim, dünyanın hansısa ölkəsində son illər nə zamansa yanacağın qiymətinin 30-33 faiz qalxdığı olubmu? Lütfən həmin ölkənin adını adını deyin, millət bilsin...

-Yanacağın qiymətinin kəskin surətdə artırılması praktikasından keçmiş Sovetlər  Birliyinə daxil olan ölkələr, o cümlədən Azərbaycan  planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçidin ilk məhhələsində istifadə edirdi. Bunu həmin ölkələrə BVF təklif edirdi. Amma burada əsas məqsəd təkcə BVF-in istədiyi  kimi, yerli qiymətləri  dünya qiymətlərinə yaxınlaşdırılması ilə yanaşı, həm də amildən  və yanacağın satışından əlavə gəlir götürməkdən daha çox, yeni qiymət miqyasları tətbiq etməklə, yanacağın ölkədən kənara daşınmasının qarşını almaq olurdu. Belə ki, yanacağın ölkədən kənara daşınmasının qarşını almaq üçün  etibarlı nəzarət mexanizmi olmadığından,bu problemi  qiyməti qaldırmaq vasitəsilə  həll etmək istəyirdilər.Əldə olunan əlavə vəsait isə qiymət artımından ziyan çəkən əhalinin əmək haqqı, pensiya və müavinətinin artırlmasına yönəldilirdi.Sonrakı illərdə yanacağın qonşu ölkələrə daşınmasının qarşısını almaqdan ötrü təsirli tədbirlər görüldü və bu sahədə qiymət artımı “şok” variantında deyil, tədricən həyata keçirilməyə başladı.....Amma Azərbaycan hökuməti hələ yanacağın qiymətinin qaldırılmasının optimal variantını tapa bilmədiyindən və ya tapmaq istəmədiyyindən, 2007-ci ilin əvvəlində tətbq etdiyi  variantı 2013-cü ilin dekabrında təkrar etməklə, hələ də “şok” variantından istifadə etməkdə davam edir. Dekabrın əvvəlindən etibarən Tarif Şurasının qərarı ilə 1 litr Aİ-95 benzininin pərakəndə satış qiyməti 33,3% artırılaraq 60 qəpikdən 80 qəpiyə, 1 litr Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti  27,3% artırılaraq 55 qəpikdən 70 qəpiyə çatdırılıb, 1 litr dizel yanacağının pərakəndə satış qiyməti isə 33,3% artırılaraq 45 qəpikdən 60 qəpiyə qaldırılıb.Sualın ikinci hissəsinə konkretlik gətirmək məsələsinə gəldikdə isə, son illər Iranda benzinin qiymətinin hissolunacaq dərəcədə qaldırılması  istisna olmaqla, belə “şok” variantın   həyata keçirilməsi praktikası artıq çoxdan yığışdırılıb.

 -Dünya ölkələrində  benzinin 1 litrinin qiyməti necə dəyişir?

- Təbii ki,xaricdən xam neft alıb  benzil istehsal edən əksər ölkələrdə benzinin qiymətinin öz iqtisadi əsası var.Qiymətlər həm də ölkələrin yanacağla bağlı siyasətindən, xüsusən də benzinə tətbiq olunan vergi dərəcəlrindən asılı olaraq müxtəlif ölkələrdə benzinin qiyməti müxtəlifdir.İnkişaf etmiş ölkələrdə benzinin 1 litrinin qiyməti 1 dollarla ( ABŞ) 2,8 dollar (Norveç) arasında dəyişir.Amma həmin ölkələrdə maaşlar bizimkindən 4-5 dəfə yüksəkdir. Ona görə də məsələn  benzinin qiyməti  ən yüksək olan Norveçdə əhali orta əmək haqqına 2200 litr Almaniyada 1400 litrdən, İngiltərədə 1770 litrdən, Fransada 1470 litrdən artıq, Azərbaycan isə 650  litr(Aİ-95) benzin ala bilər.

       Norveç istisna olmaqla enerjidaşıyıcıları ilə zəngin olan ölkələrin əksəriyyətində benzinin qiyməti 0,03 dollarla ( Venesuela)- 0,4 dollar(İran) arasındadır,amma 1,4 dollara çatanı da var.MDB məkanına aid ölkələrdə də benzinin qiyməti 0,2 dollarla ( Türkmənistan)  - 1,4 dollar (Moldova) arasındadır.Amma biz özümüzü postsovet məkanının əsas neft hasilatçıları olan  Rusiya və Qazaxıstanla müqayisə etsək, daha çox aydınlıq gələr. Aİ-95 markalı benzinin 1 litri Rusiyada orta əmək haqqının 900-1000 dollar ətrafında olduğu şəraitdə 1 dollar ətrafında, Qazaxıstanda 700-800 dollar ətrafında oldığu şəraitdə  0,7 dollar, Azərbaycanda isə 520 dollar şəraitində 1,2 dollardır.Yəni Rusiyada əhali öz maaşına 900-1000 litr,Qazaxıstanda 1000-1140 litr Azərbaycan isə indicə qeyd etdiyimiz kimi, 650  litr(Aİ-95) benzin ala bilər.

 -Dünyanın bütün ölkələrində qiymət artımları yanvardan başlayır, dekabr artımı iqtisadi baxımdan anormallıq deyilmi?

-Düzü, biz 2014-cü ilin büdcə zərfini  təhlil edəndən sonra, gələn ildən tariflərin artırılacağını hiss etmişdik  və bunu gələn ilin əvvəllərində, yoxsa ortalarında gözlənildiyini  dəqiqləşdirmək məqsədilə büdcə müzakirələri zamanı sorğu da etdik.O vaxt qiymətlərin qalxmayacağını desələr də, biz bilirdik ki, artım olacaq.Ona görə də büdcə müzakirələri zamanı tariflərin artırıldığı şaraitdə hökumətin gələn il inflyasiyanın 3,5 faiz olacağı barədəki proqnozlarının özünü doğrultmatyacağını və qiymər artımının 3,5 faiz çərçivəsinə sığmayacağını bildirmişdık.Gələn ilin büdcəsinə dair çıxışımızda həm bu sahədə qiymət artımının ümumi inflyasıya səviyyəsi ilə sinxronlaşdırılmasını və əhalinin əztəminatlı təbəqəsinin sosial müdafiəsi üçün əlavə tədbirlərin görülməsini təklif etmişdik.

 -Tarif Şurasının nümayəndələrinin açıqlamalarında bildirilir ki, dinamik iqtisadi inkişaf üçün tarif və qiymətlərin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması zəruridir...

- Düzdür, bazar iqtisadiyyatı şəraitində tariflərin tənzimlənməsi dünyanın əksər ölkələrində tətbiq olunan bir üsuldur. Amma söhbət tənzimləmədən gedirsə,bu məsələ kompleks xarakter daşımalıdır.Yəni bu zaman, əvvəlcə  qiymətlər iqtisadi cəhətdən əsaslandırılır, yeni tariflərin  bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığı müəyyənləşdirilir,qiymət artımının iqtisadi səmərəliliyi hesablanır.Müvafiq hökumət strukturları isə  qiymət artımının sosial nəticələrini araşdırır və müvafiq sosial müdafiə tədbirlərinın görülməsi istiqamətində qərarlar verir.Bu zaman iqtisadi əsaslandırma edilir və  çalışılır ki, qiymətlər  həmin məhsula çəkilən xərcləri ödəsin və həm də 20-25 faiz səviyyəsində mənfəət də təmin edilsin ki, həmin biznes qurumu davamlı inkişaf edə bilsin. Bu baxımıdan, bazar iqtisadiyyatının məntiqindən çıxış etsək,hazırkı şəraitdə benzinin qiymətinin artmasının əsas səbəblərindən biri bizim neftayırma zavodlarımızın ziyanla işləməsi və ya mənfəətinin davamlı inkişaf üçün yetərli olmaması ola bilərdi.... Amma bizdə satışa çıxarılan benzinin qiyməti onun maya dəyərindən  azı  2 dəfədən çox bahadır. Ona görə də neftayırma müəssisələrinin mənfəəti həmin səviyyədən xeyli yüksəkdir və milyard manatlarla ölçülür.İkincisi, qiymətlərin məşhur tələb-təklif qanununa əsasən dəyişməsi bazar iqtisadiyyatının fundamental qanunudur. Amma həmin qanunun tələblərindən doğan dəyişmə  indi- dekabrın 3-dən bizdə benzinin qiyməti qaldırldığı kimi, 33 faiz yox, olsa-olsa 3 faiz ətrafında ola bilər... Deməli indiki qiymət artımının tarif və qiymətlərin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması zərurəti ilə birbaşa əlaqəsi yoxdur, Burda əsas məqsəd gələn ilin  büdcəsinə əlavə vəsait cəlb etmək və gərginliyi səngitməkdir.Bazar iqtisadiyyatı həm də əhalinin aztəminatlı təbəqəsi  qiymət artımından ziyan çəkməsin deyə, əlavə sosial müdafiə tədbirlərinin görülməsini nəzərdə tutur.Ona görə də bazar iqtisadiyyatı prinsiplərinə uyğun tənzimləmə məsələsinə sosial müdafiə elementlərini də əlavə etməklə kompleks yanaşılmalıdır.

-Bu artımdan dövlət büdcəsi nə qədər qazanacaq?

- Benzinin qiymətin artırılmasından gələn gəlir  2014-cü il büdcəsinin 1,7 milyard manata yaxın kəsirinin ən yaxşı halda yalnız 300 milyon manatın altında olan hissəsini və  ya 18 faizini, maksimum 20 faizini  qarşılamaq üçün yetərli ola bilər.Amma görünür , benzinin qiymətinin artması- qiymət artımının başlanğıcıdır.Digər sahələrdə, məsələn kommunal xərclər sahəsində də tariflər arta bilər. Həm də benzinin qiymətinin artması digər məhsul və xidmətlərin də qiymətlərinin bir sahədə bir qədər az, o birində bir qədər çox olmaqla,mütləq təsir göstərəcək.Bu amil digər proqnoz göstəricilərinə də yenidən baxılmasını zəruri edir.Ona görə də dəqiq rəqəmlə ifadə etmək mümkün olmasa da, tariflərin artımından büdcəyə yüz milyonlarla ölçülə bilən əlavə vəsait daxil ola bilər.

 -Hökumət mənsubları bildirir ki, tarif dəyişikliyi digər məhsulların və xidmətlərin qiymətinə ciddi təsir etməyəcək....

-Tale  elə gətirib ki,müstəqilliyimizin ilk illərində mən həm də bir müddət Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri işləyərkən benzinin qiymətinin artmasının digər sahələrdə qiymət və tariflərə necə əsir etməsinə dair hesablamara rəhbərlik etmişəm. Düzdür, topdansatış və pərakəndə satış qiymətinin böyük bir hissəsini aksiz vergisi təşkil edir və ölkəmizdə ən yüksək aksiz vergisi məhz benzinə tətbiq olunur. 

Bununla belə tarif dəyişikliyi digər məhsulların və xidmətlərin qiymətinə  mütləq  təsir göstərəcək. Təkcə onu xatırlatmaq kifayətdir ki, 2007-ci ilin yanvarında  benzinin qiyməti qaldırılmazdan əvvəl, yəni 2006-cı ildə Azərbaycanda inflyasıya 8 faiz idisə, 2007-ci ildə 17 faizə, 2008-ci ildə isə 21 faizə yaxın oldu. 2013-cü ildə benzinin qiyməti qaldırılmazdan  əvvəl bizdə inflyasiyanın səviyyəsi 2,5 faiz idisə, 2014-cü ildə, 7 il bundan əvvəlki ssenari təkrarlanaraq yenə də ikirəqəmli inflyasiya müşahidə olunması ehtimalı az olsa  da,ümumi qiymət artımı  indikindən  xeyli yüksək olacaq. Bu əhalinin daha çox işlətdiyi geniş xalq istehlakı mallarının qiymətlərinin artmasında özünü daha qabarıq göstərəcək.Ona görə də qiymət artımının təsirini azaltmaq üçün aztəminatlı əhalinin sosial müdafiəsinə yönəlik  tədbirlər gücləndirilməlidir.

   -Hökumətin benzinin qiymətini qaldırmaq üsulu hansı nəticələrə gətirib çıxara bilər.Ümumiyyətlə büdcə gəlirlərinin artırılmasım kontekstində  benzinin timsalında  tarif və qiymətlərin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmasının optimal variantını necə görürsünüz?

    -Fikrimizcə, hökumət benzinin qiyməini bir dəfəyə bu cür   kəskin surətdə artırmasının müəyyən fiskal effekti olsa da,ümumiyyətlə iqtisadiyyat üçün ziyanlı və  səmərəsiz, sosial cəhətdən ağrılıdır.Hazırkı narazılığın dərəcəsindən çıxış etməklə  demək olar ki, bu siyasət bundan sonra da davam etdirilsə, bir müddətdən  sonra həm  də  sosial- siyasi cəhətdən ciddi problemər yarada biləcək səviyyədə çox təhlükəli olacaq.Ona görə də bu sahədə ağrısız üsullardan istifadə etməklə optimal variant tapmaq olar. Yanacağın qiymətini artıran zaman əhalinin tədiyyə qabiliyyətli tələbi,real alıcılıq qabiliyyəti nəzərə alınmalıdır.Məsələn,benzinin qiymətini qaldırarkən 2-3 ildən bir “İNFLYASİYA-MİNUS” üsulundan istifadə etmək olar.Yəni əmək haqqı, pensiya və digər ödənişləri də qaldırmaq şərtilə, əgər 2011-ci ildə inflyasiya 7,9  faiz, 2012-ci ildə 1,1 faiz 2013-cü ildə təqribən 3 faiz olursa,onda 2014-cü ildə benzinin qiymətini “inflyasiya-minus” üsulundan istifadə etməklə 5 faiz qaldırmaq və 2014-2020-ci illər ərzində Azərbaycanda orta əmək haqqını   420 manatdan   800-900 manata çatdırmaq,əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsini gercəkdən gücləndirmək şərtilə, təklif etdiyimiz həmin üsulla 2020-ci ildə benzinin də qiymətini tədricən 80 qəpikdən 85-90-95 qəpiyə və 1 manata çatdırmaq olar.Düşünürük ki, Azərbaycan kimi zəngin enerji resursları olan ölkədə qarşıdakı 10 ildə benzinin qiymətini qeyd etditimiz “inflyasiya-minus” üsulundan istifadə etməklə 1 manata çatdırıb, elə həmin səviyyədə də dayanmaq lazımdır.

       Budcənin gəlirlərini artırılmasında  ciddi nəticələrin əldə olunmasına gəldikdə isə, hökümət bunun əsas ağırlığını əhalının üzərinə yox, iqtisadi inkişafın sürətlənməsinn üzərinə keçirməlidir. Eyni zamanda həm də digər mənbələrdən də, məsələn,iqtisadiyyatın liberallaşdırılmasını dərinləşdirmək, iqtisadi azadlıqları genişləndirmək, kölgə iqtisadiyyatının vergiyə cəlb edilməsi mümkün olan sahələrini vergiyə cəlb etmək, korrupsiya, inhisarçılıq və məmur özbaşınalıqlarına qarşı təsirli tədbirlər görmək,sahibkarlığa müdaxilələrin qarşını almaq,vergidən yayınan  şirkət və biznes strukturlarını vergi intizamına riayət etməyə sövq etdirməklə və sair bu cür mənbələr hesabına benzinin qiymətini qaldırmaqla əldə edəcəyindən qat-qat artıq vəsaiti büdcəyə cəlb edə blər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin