Füzuli Beynəlxalq Hava Limanı həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Füzuli aeroportu regionda ən qısa zamanda inşa edilən beynəlxalq hava limanlarından biridir.
Bu ilin əvvəlində inşaasına başlanan hava limanında artıq gələn ay ilk uçuşları həyata keçirmək mümkün olacaq.
MÖVZU İLƏ BAĞLI:
Füzuli hava limanından ən son görüntülər – VİDEO
Cəmi 4 aya yaxın müddətdə hava limanın ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub. Hava limanının uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək.
“Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur.
Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər.
Eyni zamanda, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir.
İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin yerlərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir”, - deyə V.Bayramov diqqətə çatdırıb.
Bizim.Media